Xəyalə SEVİL.Yeni şeirlər

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri


… Bir başıpapaqlı
Həsrətdi mənimki,
Mən də mental düşüncədə –
Sözündən çıxa bilmədim.
Gecə bilmədim,
Yuxu bilmədim.
Bütün qaydaları pozdum,
Bir addım qabağa çıxdım.
Bu qadın canımla
Bir damcı qorxu bilmədim.
Bəs sən neylədin mənimçün?


Bacara bilmirəm özüm özümlə,
Bilmirəm gen gəzim, ya çatım sənə.
Əllərimin ucundaydı məsafə,
Nə yaxşı ki, dünən yazmadım sənə.

Yazmadım, içimdə boğdum hissimi,
Asan iş deyil ki, başıma gələn.
Mənim ürəyimin xarabasında
Bircə sən çatmırdın xoşuma gələn.

Toplanmışam qırıq-qırıq hamıdan,
Gözüm səndə, eh, nə böyük işdi ki.
Səni mənə çox gördüyün yerdəyəm,
Səsin gəlir, ah, ürəyim düşdü ki.

Bu nə hissdi, bu nə sisdi gözümdə?
Sən bilərsən, yoxsa özüm bilərəm?
Elə zəifəm ki, sənin önündə,
Birdən çaşıb gəl deyərsən, gələrəm.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir