XÜRRƏM QAFANLI (Bədəlov Xürrəm Bədəl oğlu)1960-cı il noyabr ayının 15-də Qərbi Azərbaycanın Qafan rayonunun Həçəti kəndində kolxozçu ailəsində anadan olub. İbtidai təhsili doğulduğu kənddə, orta məktəbi isə Gığı kəndində fərqlənmə ilə bitirib.Nəsrəddin Tusi adına Dövlət Pedaqoji Universitetitini bitirib.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini orta məktəb illərində qələmə alıb.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.
Üç il Qafan rayonunda müəllim işlədikdən sonra 1984-cü ildə Sumqayıt şəhərinə köçüb.Bu günə kimi MKİİ idarəsində fasiləsiz işləyir.”Bir elin harayı”, “Hələ deyiləsi sözüm var mənim”, “Sən məni yaşatdın” kitabların müəllifidir.
Hal-hazırda Süleyman Rəhimov adında Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür.”Sözün Sehri” qəzeti, “Ziyalı Ocağ” jurnalı, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı ilə əməkdaşlıq əlaqələri saxlamaqdadır.Dövri mətbuat səhifələrində-qəzet və jurnallarda tez-tez yazıları çap olunur. Ailəlidir, üç övladı var.

QIFILBƏND

O kimdir ki,öz işi ilə söyünür?
İş tamamda əməliylə öyünür.
Bədənində neçə ürək döyünür?
Ya bir olur,ya çox olur deyirlər?

Hansı quşdur yuva qurmur ömürdə?
O kimdir ki,günah görür səbirdə?
Hansı bədən narahatdır qəbirdə?
Ya bir olur,ya çox olur deyirlər?

O nədir ki,məhkum olub bir işə?
O nədir ki,donur yayda həmişə?
Öz başına qışda açər əndişə?
Ya bir olur,ya çox olur deyirlər?

Hansı dağdır zirvəsində qarı yox?
O nədir ki,yarı candır yarı yox?
O nədir ki,qismətində yarı yox?
Ya bir olur,ya çox olur deyirlər?

ZƏNCİR

Zəncir olur burum-burum,
halqa-halqa,-
Qızıl zəncir,
gümüş zəncir,
dəmir zəncir.
Niyyətləri müxtəlifdir,-
Xoş niyyət var,
Bəd niyyət var.
Hər birində ayrı-ayrı
Bir hikmət var.
Vurulmasın qollarına,
Çəkilməsin yollarına
Bəd niyyətli o qandallar,
Töküb neçə-neçə qanlar.
O sərhəddir,
O çəpərdir
O bir səddir qarşımıza.
Neçəsini ağlar qoyub,
Qapısını bağlar qoyub
Dəmirçinin düzəltdiyi
Bu zəncirlər, bu qandallar
Gör nə qədər alıb canlar.
Bax odur ki, bu zəncirdən
Qorunmalı biz insanlar…
Bəzən isə
Bir zərgərin
Əllərində incələnir,
Ürəyində incilənir
gözəl olur,
Incə olur,
inci olur.
Düzəltdiyi bu zəncirlər
Bir ömrün sevinci olur.

QƏFƏS

Qəfəs
Beş hərf – Beş səs.
Amma bu səs
Yer oynadır,
Göy titrədir.
Azadlığı alır hərdən,
Azadlığı boğur hərdən.
Yox yerindən doğur hərdən.
O atomdan, fırtınadan təhlükəli,
O ilandan zəhərlidir.
Düşdün ora – Düşdün tora.
Onun hökmü
Hakimdən də kəsərlidir.
Amma bəzən, necə deyim,
Xoşum gəlir –
Qadağadan çıxanları
Nankorları, nadanları
Ağuşuna alanda o,
Öz içinə salanda o.
Onda belə bir pıçıltı
Keçir mənim ürəyimdən:
Nə qədər ki azanlar var,
Dosta quyu qazanlar var,
Qulağıma deyir bir səs:
Sizə lazım bəzən qəfəs,
Beş hərf – beş səs!

GECƏLƏR

Ay Sücayət, kim ki,qəbrə əmmanət-
Qoyulurlar,yatmayırlar gecələr.
Torpağında əgər görsə xəyanət-
Oyulurlar,yatmayırlar gecələr.

Bilimmədi hardan əsdi bu yellər,
Hara getdi,hara köçdü bu ellər,
Çalın-çarpaz dağ çəkilən neyləyər-
Soyulurlar,yatmayırlar gecələr.

Xürrəm də səninlə olub bir dərdli,
Qaçqınlıq yaşayıb ağır,zillətli,
Kiminsə çörəyi gəlsə minnətli-
“Doydururlar,”yatmayırlar gecələr.