PA-nın məlumatına görə, tədbirə Ağdaban kənd sakinləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri qatılıb.
Əvvəlcə Ağdabanda qətlə yetirilmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən deputat Fəzail Ağamalı deyib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, insanlara işgəncələr verilib, 33 sakin qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarəti yetirilib. Ermənilər şair Ağdabanlı Qurbanın və Aşıq Şəmşirin əlyazmalarını dağıdıb talan ediblər.
Əslən Ağdabandan olan millət vəkili Cavid Qurbanov bildirib ki, Ağdaban faciəsi ilə bağlı bu günədək cinayət işi açılmayıb: “Bu faciəni unutmamaq və gənc nəslə tanıtmaq lazımdır”.
Daha sonra tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin hazırladığı Ağdaban faciəsindən bəhs edən “Ağdaban faciəsi: sındırılmış sazın fəryadı” bədii-sənədli filmi nümayiş olunub.