gxi

2004-cü ildə şeirlərimi götürüb, Elmlər Akademiyasına getmişdim. Onunla görüşəcəkdim. Elə bilirdim ki, qaşqabaqlı, zəhimli bir adamdı. İlk dəfə görəcəkdim. Qapıya yaxınlaşanda ayaq saxladım, titrədiyimi hiss etdim… Ədəbiyyat adamları, uşaq xəyallarımda çox əzəmətliydilər. Nəhayət ki, qapını döydüm. Həlim səs gəldi.
-Gəl.
– Məni görən kimi ayağa qalxdı. Şirin təbəssümlə xoş gəlmisən bala…
– Nə lazımıydı?
– Utancaq səslə dilləndim. Siz lazımsınız.
– Hə, lap yaxşı, onda buyur əyləş.
– Üzündəki şirin təbəssüm, titrəmədən əsər əlamət qoymadı. Söhbətə başladım.
– Mən sizin şeirləriniz və əsərlərinizi çox sevirəm. Bilmirəm necə deyim, sizinlə görüş ən böyük səadətimdir. Gülümsədi.
– Çox sağ ol qızım. Mən özümü yazmışam. Anam, o tayda mən bu tayda həsrətdən qovrulub yandıq. Saçımdakı bir ağ, bir əzabdır, bir həsrətdir… İyirmi altı ildən sonra anam Bakıya gəldi. Necə də uşaqlaşmışdım. Əgər mümkün olsaydı, o günlər üçün ömrümün hamısını verərdim…
-Danışdıqca göz yaşlarını da gizlədə bilmədi… Şeirimi oxuyanda, maraqla dinləyir, sözlərimə heyranlıqla qulaq asırdı. Elə bil yeni tapıntıydım. Sonda tək bircə kəlimə onu dedi:
– Qızım, çoxlu yaz!
– Sual dolu baxışlarla üzünə baxdım…
– Əlavə etdi, hə, çoxlu yazdıqca qələmin itiləşəcək!
– İki saat, Söhrab Tahirlə söhbət etmişdik. Otaqdan ümid dolu addımlarla çıxmışdım…
O günü heç unutmadım. Bu günkü addımlarımda, Söhrab Tahirin, iki saatlıq ayırdığı zamanın da payı olduğunu düşünürəm. Ruhunuz şad olsun Söhrab müəllim.