rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

BİRİMİZƏ ÇATMAYIR

Nənə nağıl danışır,
Göydən üç alma düşür.
Nəvələrin günləri,
Bax beləcə ötüşür.
Almaların üstündə,
Dalaşırdı nəvələr.
Axı alma üç idi,
Onlar isə dörd nəfər.
Kiçik nəvə Dürdanə,
Bir gün dedi:- Ay nənə,
Bəs niyə almaların
Sayı heç vaxt artmayır?
Axı biz dörd nəfərik,
Birimizə çatmayır.

NƏ GÖZƏL, NƏ GÖZƏL

Bahar gəldi əldə dəf,
Nə gözəl, nə gözəl.
Üzə güldü hər tərəf,
Nə gözəl, nə gözəl.

Xalı sərdi dağlara,
Bağçalara, bağlara,
Suya dönür, bax, qara,
Nə gözəl, nə gözəl.

Ağaclar çiçəklədi,
Gün vurdu göyçəklədi.
Budağı ləçəklədi,
Nə gözəl, nə gözəl.

Dilə gəldi dağ çayı,
Düşdü elə harayı,
Baharımın hər ayı,
Nə gözəl, nə gözəl.

BƏH-BƏH, NƏ QƏŞƏNG

Ay doğdu, nur ələndi,
Bəh-bəh, nə qəşəng?!
Bu nur nə gur ələndi,
Bəh-bəh, nə qəşəng?!
Bir anda göy üzündə,
Bəh-bəh, nə qəşəng?!
Ulduzlar cilvələndi,
Bəh-bəh, nə qəşəng?!

AYSEL

Ayselə bax, Ayselə,
Deyir, qağa, ay qağa,
Bir bax, düşüb ay selə.
Kömək elə, ay Qaçay,
Axı boğulacaq ay.

Göyə sataşır bu dəm
Ayselin gözü birdən.
Bir ay da orda görüb,
Baş açmayır bu sirdən.

ƏRŞAD DÜŞÜNÜR

Göydə qara buludu,
Külək qovur, – gur əsən.
Qara bulud küləkdən
Niyə qorxur görəsən?

***
Bir yaxın gəl, ay ata,
Nəzər yetir göyə sən.
Göyün işıqlarını
Kim çəkibdi görəsən?

ƏRŞADIN TƏƏCCÜBÜ

Aya bax, aya,
Düşübdü çaya.
Bir gedən də yox
Haraya, haya.

Dayı, ay dayı,
Bir qayıq qayır.
Üzək yaxına,
Çıxardaq ayı.

AY AYA

Dirsəklənib qayaya,
Ərşad baxır dəryaya.
Dəryadan boy göstərib
Göz eyləyir ay aya.

BALAM YAZMAQ ÖYRƏNİR

Qələm-dəftər əlində,
Balam yazmaq öyrənir.
Bal kəlmələr dilində,
Balam yazmaq öyrənir.

“Baş” yerinə “daş” yazıb,
“Qaş” yerinə “yaş” yazıb,
Sözləri çaş-baş yazıb,
Balam yazmaq öyrənir.

“Arı” elə “ayı”dı,
“Darı” elə “dayı”dı,
Kim balamın tayıdı,
Balam yazmaq öyrənir.

Dörd dolanır gözləri,
Höccələyir sözləri,
Zərgəridir söz zərin,
Balam yazmaq öyrənir.

Zərgər qardaş, bir dayan,
Yonqarın çoxdu yaman,
Siz də verməzsiz aman?!
Balam yazmaq öyrənir.

BELİN HÜNƏRİ

Ərşada bax, Ərşada,
İstəyir ki, özünü
Dostlarının yanında
Atasına oxşada.

Bir əlində bel tutub,
Bir əli belindədi.
Deyir, gəlin göstərim
Hünəri belin nədi.

Əkinçinin sağ əli,
Suçunun ürəyidi.
O, bəy-nökər tanımaz,
Hamının gərəyidi.

Bağça-bağa gərəkdi,
Susuz dağa gərəkdi,
Canımız dediyimiz,
Qanımız dediyimiz,
Bu torpağa gərəkdi,
Bu torpağa gərəkdi.

GÜNAY

Günaya bax, Günaya,
Deyir niyə, ay nənə,
Qonaq getmir Gün Aya?

Nənə deyir bu sənin
Hardan gəldi ağlına?!
Gəl, danışım, qulaq as
Günlə Ayın nağlına…

…Yaman heyrətə salır,
Nağıl körpə uşağı.
Nənə deyir, qorxdunmu,
Ay gözümün işığı?

Onu bil, qadan alım,
Gün dolana, ay gələ,
Günəş ağıllı qızdı,
Qonaq getməz Aygilə.

Günay yaman sevindi,
Nənəsinin sözündən.
Elə bil dan söküldü,
Günəş doğdu üzündən.

ALPİNİST ƏRŞAD

Ərşad dəcəl uşaqdı,
Üstü, başı pintidi.
Pal-palçıqdan ev qurur,
Deyir ki, tikintidi.

Birtəhər yayındımı
Nənəsinin gözündən,
Sorağını alarsan
Həyətin o üzündən.

Gah ağaca dırmaşır,
Gah divardan aşır o.
Qonşu uşaqlar ilə
Elə hey dalaşır o.

Baxmır böyük bacısı
Aytəkinin sözünə.
Deyir, ağlın çoxdursa,
Bir az da ver özünə.

Bacı da belə olar,
Sən nə təhər bacısan?
İlan kimi çalağan,
Bibər kimi acısan.

Qoymursan, dərsin verəm
Qonşu uşaqlarının.
Dağıdam yuvasını
Bağçadakı arının.

Gəl, gedək bağçamızdan
Çiçək dərək, deyirsən.
Quzumuzun boynuna
Çələng hörək, deyirsən.

Mənə daş-qaya verin,
Gül-çiçəyi neynirəm.
Arıya tələ quran
Hörümçəyi neynirəm.

Mən təpələr adlayıb
Dağ aşmaq istəyirəm.
Bax, gördüyün o dağa,
Dırmaşmaq istəyirəm…

…Qoy Ərşaddan əlini
Dost-tanışı üzməsin.
Ona gicbəsər deyib
Dodağını büzməsin.

Bacısı da deməsin:
“-Çox həddini aşır o”.
Alpinist olmaq üçün
Axı, hazırlaşır o.

İGİD ÇOBAN

Bu düzün qarına bax,
Bu dağın qarına bax.
Sərçələri gen düşən
Budağın qarına bax.

Bu yerin dağ-dərəsi,
Düzü qardan seçilmir.
Kol-kos ağappaq olub,
Quzulardan seçilmir.

Budur səsi bürüyür,
Bütün kəndi çobanın:
“-İndi adam yanından
Çəkilərmi sobanın?

Bəsdi, qoyun-quzunu
Düz doqquz ay otardım.
Ta yaz girənə kimi
Mən işimi qurtardım”.

Qoyun-quzu mələşir,
İtir səsi çobanın.
Bu an dördgöz eləyir
İtin səsi çobanı.

Çoban bildi canavar,
Soxulubdu sürüyə.
Tez irəli şığıdı,
Heç baxmadı geriyə.

“- Aha, azğın canavar,
Qurtar görüm əlimdən” –
Deyib zağlı çomağı
Çəkdi onun belindən.

Canavar ha çalışdı,
Qalxammadı ayağa.
Çoban bir də güc verdi
Əlindəki çomağa.

El axışıb gəlincə
Çoban gördü işini.
Hamı dövrəyə aldı
Canavarın leşini.

“-Vallah, sənə yaraşır
Hər cür ad-san” – dedilər.
“Sən bu elin Qaraca
Çobanısan” – dedilər.

Çobanın igidliyi
Düşdü dilə, ağıza.
Mən də qələm götürüb
Köçürdüm bu kağıza.

ÇƏPİŞ

Çəpişə bax, çəpişə,
Elə gözdən yayınıb
Hey can atır çəp işə.

Gah küləşi dağıdır,
Gah suyu bulandırır.
Körpə quzuları da
Dalınca dolandırır.

Bağçada ağacların
Yarpağına qənimdi.
Gözü yaşıl nə gördü,
Tezcə deyir: “mənimdi”.

Hara gəldi, adlayır,
Bilməz, bağdı, qoruqdu.
Bu qədər yeyir, yenə
Arıqdı ki, arıqdı.

Nənəm deyir, sənin də
Bənzərin var çəpişə.
Onun kimi elə hey
Can atırsan çəp işə.

ƏRŞADIN OVÇULUĞU

Yaman artıb Ərşadın
Ovçuluğa marağı.
Heç belindən düşməyir
Patrondaşı, yarağı.

Ovçuluqla ötüşür
Hər saatı Ərşadın.
Səfər üstə hazırdı
Qarğı atı Ərşadın.

Cana gəlib əlindən
Ağacdakı sərçələr.
Az qalır ki, baş alıb
Bu yerlərdən köçələr.

Hey görürsən, keçirir
Quşatanı boynuna.
Yığır xırda daşları
Ciblərinə, qoynuna.

Balaca Toplanı da
Salıb tezdən yanına,
Daraşır bağçadakı
Ağacların canına.

Sonra yığıb başına
Canpoladı, Xanışı,
Ovçuluq hünərindən
Hayla-küylə danışır.

“-Bir daşım da hələ ki,
Ötüşməyib havayı.
Yüz sığırçın vurmuşam
Sərçələrdən savayı.

Bir vuruma sərəndə
Sığırçının beşini,
Oğulsansa, seç, ayır
Bədənini, leşini.

Nə istəsəz, göstərin,
Vurum salım yerimdən.
Bəhsləşəmməz mənimlə
Elə Ovçu Pirim də…”

…Bax beləcə danışdı,
Təriflədi özünü.
Neçə yol da adına
Qoşdu ovçu sözünü.

Ancaq ovçu olmadı
Adı “ovçu” Ərşadın.
Tanış-biliş çağırdı:
“Gopçu”, “gopçu” Ərşadı.

SAHİBSİZ BAĞ

Bu bağ kasıbdı yaman,
Kol-kos basıbdı yaman,
Deyən baxanı yoxdu,
Bir qeydinə qalanı,
Dostu, yaxını yoxdu.

Dişə vurmaq olmayır,
Meyvələri cırdı ki.
Tikanları ilişib
Üst-başımı cırdı ki.

Alağından seçilmir
Gül-çiçəyi bu bağın.
Arılara qənimdi
Hörümçəyi bu bağın.

Yəqin sahibi yoxdu,
Yəqin kimsəsizdi bağ.
Onunçün bu qədər lal,
Bu qədər səssizdi bağ.

Gedim, yığım başıma,
Yaxın dostu, tanışı,
Bu bağın dərd-sərini
Onlara da danışım.

Yığışaq, tədbir tökək,
Bir qərara gələk biz.
Bağın bütün işini,
Aramızda bölək biz.

Birimiz kol-kosları,
Birimiz alaq vuraq.
Birimiz yer belləyək,
Birimiz calaq vuraq.

Qurtaraq arıları
Torundan hörümçəyin.
Axı arı dostudur
Hər gülün, hər çiçəyin.

Budayaq ağacların
Qurumuş budağını.
Sulayaq boz torpağın
Çatlamış dodağını.

Can verək hər budağa,
Hər yarpağa can verək.
Hər otun, hər çiçəyin
Damarına qan verək.

Axı atalar demiş:
-Bağa baxsan bağ olar.
Baxmazsan, ürəyinə
Çalın-çarpaz dağ olar.

QAŞQA BUZOV

Bu buzov qaşqa buzov,
Bu buzova bənzəməz
İnanın başqa buzov.
Həndəvərə buraxmır
Öz doğma anasını.
Əvvəlcə özü yeyir
Ot-alafın xasını.
İçib qurtaran kimi
Suları bulandırır.
Həyətdəki iti də,
Toyuğu, cücəni də,
Qonşunun çəpərindən
Bu yana keçəni də
Yanınca dolandırır.

GİCİTKƏN

Gicitkən, ay gicitkən
Mən elə bilirdim ki,
Sən bir qorxmaz igidsən,
Bu qədər iynə ilə
Niyə durdun qəsdimə?
Mən silahsız gəlmişdim,
Axı sənin üstünə.

BU GÜNAYDI

Bu Günaydı
Gözəllikdə
Bu, Gün, Aydı.

Bu Günaydı
Pəncərəmin qonağı
Bu gün Aydı.

Bu gün yaydı,
Nurunu aləmə
Bu Gün yaydı.

Bu gün yaydı,
Sirr verdiyim
Sirrimi aləmə
Bu gün yaydı.

AYDINLIQ GÜNƏŞİ

Bu doğan günəşdimi
İynə-iynə şüası
Qaranlığı deşdimi?
İlmə-ilmə sökdümü,
Gecənin yaxasını?
Çıxardımı zülmətin
Əynindən çuxasını.

Seyr etdim heyran-heyran
Mən bir anlıq günəşi.
Bildim niyə sevmirmiş
Bu qaranlıq Günəşi.
Qoy doğsun ömrümüzə,
Bir aydınlıq Günəşi,
Bir səadət Günəşi.
Bəlkə yaşada bildi
Bu məhəbbət Günəşi.