YARAT Müasir İncəsənət Məkan yerli yaradıcı fərdləri ARTIM-2017 layihəsində iştirak etməyə dəvət edir.
İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, layihədə bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür və eyni zamanda hər kəs üçün açıq və ödənişsizdir.
Layihənin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.
YARAT təşkilatı müsabiqənin nəticələrinə dair seçilmiş rəssamları 2016-cı il oktyabrın ortalarında elan edəcək. Proqramda seçilmiş sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş etdiriləcək. ARTIM Layihə Məkanının qaydalarına görə layihəsində iştirak etmək istəyən namizədlərin yaşı 18-dən aşağı olmamalıdır. Namizəd öz layihəsini təqdim etdikdən sonra, YARAT tərəfindən müvafiq razılıq olmadan əsaslı şəkildə layihənin ideyasını dəyişdirə bilməz. Ərizələrdə həm sərgi xarakterli, həm də maarifləndirici komponentlər əks olunmalıdır. Hər bir seçilmiş iştirakçı VOEN və bank hesabına malik olmalıdır. YARAT hər bir seçilmiş layihəyə kuratorluq və inzibati dəstəyini göstərəcəkdir. YARAT layihə üzrə işlərin gedişatı ilə əlaqədar müəllif ilə davamlı məlumat mübadiləsini təmin edəcək. Layihənin başa çatdırılmasından sonra iştirakçılar layihə üzrə müvafiq hesabat təqdim etməlidirlər. Həmin hesabatda büdcəni tam əhatə etməklə hansı hədəflərə nail olunduğu haqqında məlumat öz əksini tapmalıdır. YARAT əsərlərin bütün reproduksiya formalarında (o cümlədən, kataloqlar, təqdimatlar və bukletlər də daxil olmaqla) dərc etmək, əsərlərdən reklam və məlumatlandırıcı materiallar (açıqcalar və plakatlar) məqsədilə istifadə etmək hüququna malikdir. ARTIM layihəsi çərçivəsində yaradılan əsərlərin müəllifləri öz əsərləri üzərində müəlliflik hüququna malikdirlər. YARAT əsərlərin digər layihələr üçün istifadə olunması hüququna malikdir. YARAT-ın nəzarətedici heyəti layihə tələblərinə cavab verməyəcəyi təqdirdə və yaxud qeyri-məqbul hesab ediləcəyi təqdirdə, iştirakçını kənarlaşdırmaq hüquqlarına malikdir.
Qaydalara görə CV, portfolio və doldurulmuş müraciət forması artim@yarat.az email ünvanına göndərilməlidir. Ərizələrin son qəbul tarixi sentyabrın 30-dəkdir. Əlavə suallarla bağlı YARAT Müasir İncəsənət Məkanının Proqramlar üzrə koordinatoru Azər Abdullayevlə əlaqə saxlamaq mümkündür (azer.a@yarat.az) .
ARTIM Layihə Məkanının əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət təhsil ocaqlarının tələbə və məzunlarının yeni eksperimental layihələrinə dəstək verməsini öz öhdəsinə götürür.
YAY Qalereyası Bakının tarixi məkanı, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçərişəhərin mərkəzində yerləşir. Qalereya YARAT qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilib. Qalereya sosial müəssisədir, YAY (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür.
YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və bizim regionu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulub. Proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramının sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.
Mənbə: http://www.azertag.az