
Müasir dövrdə ordunun gücü yalnız texniki imkanlar, silah arsenalı və taktiki hazırlıqla ölçülmür. Ordunun mənəvi dayaqları, ideoloji bütövlüyü və milli özünüdərk səviyyəsi də onun döyüş qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan ana dilinin hərbi mühitdə düzgün tətbiqi təkcə kommunikativ vasitə kimi deyil, həm də milli ruhun, tarixi yaddaşın və mənəvi birliyin qorunmasının fundamental sütunu kimi çıxış edir.
Dil insanın və millətin kimliyini formalaşdıran əsas atributlardan biridir. Alman filosofu Wilhelm von Humboldt qeyd edirdi ki, “xalqın dili onun ruhudur, ruhu isə onun dilidir.” Bu fikir hərbi müstəvidə daha dərin məna qazanır. Çünki ordu millətin cəmlənmiş iradəsi, intizamlı təcəssümü və suverenliyin canlı qoruyucusudur.Orduda dil mədəniyyəti zəifləyərsə, bu, tədricən mənəvi identikliyin aşınmasına gətirib çıxara bilər
Hərbi sistemdə əmrlərin, göstərişlərin və strateji informasiyanın aydın, dəqiq və birmənalı ifadəsi həyati əhəmiyyət daşıyır. Ana dilində formalaşmış düzgün terminologiya, nitq mədəniyyəti və vahid dil standartı anlaşılmazlığın qarşısını alır, operativliyi artırır və idarəetmənin effektivliyini yüksəldir. Burada dil yalnız ünsiyyət vasitəsi deyil, təhlükəsizlik faktorudur. Bir yanlış ifadə və ya qeyri-dəqiq termin döyüş şəraitində ciddi nəticələrə səbəb ola bilər..
Eyni zamanda, ana dilinin hərbi mühitdə üstün mövqedə olması milli ruhun qorunmasına xidmət edir. Milli ruh dedikdə yalnız vətənpərvərlik hissi deyil, tarixi şüur, mədəni mirasa bağlılıq və ortaq taleyin dərk olunması nəzərdə tutulur. Əsgər öz ana dilində and içərkən, əmr qəbul edərkən və marş oxuyarkən o, təkcə fiziki deyil, həm də mənəvi olaraq millətin davamçısına çevrilir. Bu proses insanın psixoloji bağlılığını gücləndirir və onun döyüş motivasiyasını artırır.
Azərbaycan hərb tarixində dil və milli ruh məsələsi xüsusi yer tutur. Nizami Gəncəvi Məhəmməd Əmin Rəsulzadə və Ulu Öndər Heydər Əliyev kimi tarixi şəxsiyyətlərin fikirlərində dilin milli varlıq üçün əhəmiyyəti dəfələrlə vurğulanmışdır. Xüsusilə “Bir kərə yüksələn bayraq bir daha enməz” prinsipi yalnız siyasi şüar deyil, həm də milli şüurun dil vasitəsilə yaşadılmasının fəlsəfi ifadəsidir.Azərbaycanın ümummilli lideri Heydər Əliyev ana dilinin milli kimliyin qorunmasında müstəsna rolunu vurğulayaraq deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Bu fikir hərbi mühit kontekstində xüsusi əhəmiyyət kəsb edir. Ordu təkcə dövlətin fiziki sərhədlərini deyil, həm də milli-mənəvi sərhədlərini qoruyan əsas institutdur. Ana dilinin orduda düzgün tətbiqi, əsgərin milli kimliyə bağlılığını gücləndirir, mənəvi dayanıqlığını artırır və vətənə xidmət anlayışını daha dərin məzmunda formalaşdırır.
Qloballaşma və texnoloji inkişaf hərbi leksikona çoxsaylı xarici terminlər daxil etmişdir. Bu, təbii proses olsa da, həmin terminlərin düşünülmədən və ehtiyacsız şəkildə ana dilini sıxışdırması müəyyən təhlükələr yarada bilər. Burada əsas məsələ balansı qorumaqdır: beynəlxalq hərbi biliklərdən yararlanmaq,bununla yanaşı milli dil bazasını zəiflətməmək. Ana dilinin elmi potensialı inkişaf etdirilməli, yeni terminlər milli düşüncə sisteminə uyğunlaşdırılmalıdır.
Fəlsəfi aspektdən baxdıqda, dil insanın varlıqla münasibətinin formasıdır. Martin Heidegger dili “varlığın evi” adlandırırdı. Hərbi insan üçün bu “ev” onun mənəvi dayaq nöqtəsidir. Bu ev möhkəmdirsə, onun iradəsi də sarsılmaz olur. Bu səbəbdən hərbi təlim-tərbiyədə ana dilinə hörmət, düzgün nitq vərdişi və milli-mədəni dəyərlərə bağlılıq strateji prioritet kimi qəbul edilməlidir.
Nəticə etibarilə, hərbi mühitdə ana dilinin düzgün tətbiqi yalnız dilçilik məsələsi deyil; bu, dövlətçilik, təhlükəsizlik və milli kimlik məsələsidir. Güclü ordu yalnız silah gücü ilə deyil, dilinin saflığı, düşüncəsinin aydınlığı və ruhunun bütövlüyü ilə formalaşır. Ana dilini qoruyan ordu, əslində millətin gələcəyini qoruyur. Dil yaşadıqca millət yaşayır, millət yaşadıqca dövlət var olur.
Günay MİRİ
Mənbə:https://redaktor.az
Bir cavab yazın