Könül NURİYEVA.”Eskar Tolle “İndinin Gücü”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri


Düşüncələrin buxovundan azad olmaq.
Həyatı ən çox sevənlər, ondan könüllü ayrılanlardır. Bəs niyə ayrılıq, kədər, mənfi düşüncə, inciklik və həyatdan zövq ala bilməmək kimi hallar bizi tərk etmir?
Əslində, bütün bu “niyə”lərin olduqca sadə həlli var. Südə düşmüş iki qurbağa misalını xatırlayın: biri çabaladığı üçün yağın üstünə çıxıb xilas olmuş, digəri isə hərəkətsizliyin qurbanı olmuşdu.
Əgər bu gün özünüzü ümidsiz hiss edir, ətrafdan çox şey gözləyir və daxilinizdə dünyaya qarşı bir inciklik gəzdirirsinizsə, bunun səbəbi sizi incidənlər deyil. Ətrafınızda günah axtarmağı dayandırın. Başına gələnlərin yeganə məsuliyyəti özünüzdə, daha doğrusu, başınızın içində aramsız vır-vır edən düşüncələrinizdədir.
Keçmişin “zibillərini” — yaşadığınız çirkin, kədərli, ədalətsiz hadisələri zehninizdə durmadan çalxalayan o düşüncələr, əslində, ən böyük düşməninizdir. Üstəlik, gələcəklə bağlı qurduğunuz ümidsiz planlarla zehniniz sizi əlində oyuncağa çevirib. Bir marionet və ya manqurt kimi bu hiylənin fərqində belə deyilsiniz.
Dayanın və düşünməyi buraxın.
Keçmişlə bağlı bütün neqativ və ya pozitiv fikirləri özünüzdən qovmağın sadə bir yolu var: indiyə köklənmək. Əllərinizi yuyarkən suyun toxunuşunu hiss edin, söhbət etdiyiniz insanı bütün varlığınızla dinləyin, anın reallığını duyun. “Birdən alınmazsa?” deyib uzunmüddətli planların buxovuna girmək sizi xoşbəxt etmir, əksinə, azadlığınızı əlinizdən alır. Axı bir an sonra nə olacağını bilmirsiniz. Hər an təzədir və təkrarolunmazdır. Elə isə niyə bu anı doya-doya yaşamayasınız?
Bəs indini yaşamaq üçün nə etməlisiniz?
Özünüzə kənardan baxın: Ağlayanda və ya ağrıyanda özünüzə kənar müşahidəçi kimi baxın. O an duyğular gözəldir, lakin unutmayın ki, daxilinizdəki o səs (düşüncələriniz) əslində siz deyilsiniz.
Zehninizlə eyniləşməyin: Zehniniz keçmişi və gələcəyi düşünürsə, o, sizə tələ qurur. İndinin gücündən zövq alın, zehninizin hiyləgər oyunlarına uymayın.
“Ağrılı bədəni” uzaqlaşdırın: İçinizdəki incik, qisasçı, əsəbi və davakar obraz siz deyilsiniz. Onlar sadəcə illərlə içinizə yerləşmiş mənfi emosiyalardır. Onu müəyyən edin və özünüzdən uzaqlaşdırın.
Eqonu sıfırlayın: Qorxu gələcəyi düşünməkdən qaynaqlanır. “Biabır olaram”, “məni bəyənməzlər” kimi düşüncələr güclü eqonun məhsuludur. Bunları qəbul etməyin.
Sevincin mənbəyini özünüzdə tapın: Əgər xoşbəxtliyiniz başqalarından (dost, ailə, övlad) asılıdırsa, onlar gedəndə nə baş verəcək? Öz şadyanalıq mənbəyinizi kənarda yox, öz daxilinizdə axtarın.
Beyninizdəki düşüncə qurdunu kənar etdikdə, kimdənsə asılı olmayan rahatlığın və ətrafınıza yaydığınız özgüvənin sizə qayıtdığını görəcəksiniz. Çünki əsl sevinc, anın içində gizlidir.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir