abdullamuellim

Başımın altına qoyulan balış,
Başımın üstünü alan dumansan.
Sözü göz yaşında uyudan naxış,
Bir əlçim buluda dönən gümansan.

Düşüb şübhələrin bəd ayağına,
Sözümün nurunu alıb getmisən.
Sənsiz kölgə çəkir həsrət ağlıma,
Məni öz gününə salıb getmisən.

Dərdimdən çıxara bilmirəm səni,
Gözümdə gizlənib qalmısan, gülüm.
Özündən çıxmısan- bölərək məni,
Bilərək gözümdən salmısan, gülüm.

Dəyir günlərimə dərdin nəfəsi,
O gülər ağ üzün gözümə dəymir.
Bu kal sevincimin dərdmiş qəfəsi,
Həsrətin əlindən bəhərim dəymir.

Qarışır gözümdə dünyanın rəngi,
Ömrümün baharı payıza çalır.
Həsrət qohulayır sevgi çələngim,
Sənsiz ürəyimi tənhalıq çalır.

Ömrümə qayıtsan gülər gözlərim,
Təzədən taparam özümü səndə.
Yenə qanad açar pərvaz sözlərim,
Bir daha çəkmərəm gözümü səndən…

Azərbaycan. Quba.
25.10.2001