abdullamuellim

Sənin gözlərinə baxa bilmərəm,
Sənin gözlərindən günahım axır.
Mən bu cazibədən çıxa bilmərəm,
Ürək sındırmışam-bir ürək axı…

Sənli xatirələr üzülər qəmdə,
Yanına gəlməyə üzüm də olmaz.
Görəndə sarsilib üzülərəm də,
Bir kəlmə kəsməyə sözüm də olmaz.

Bağışla demərəm, sarsılsam belə,
Sən ki büdrəmisən, yıxılan mənəm.
Bilirəm-qəlbində yerim var hələ,
Çox da ki dilində yox olan mənəm.

Günahım böyükdür, buna sözüm yox,
Bu səhvi çiynimdə daşıyıram da.
Daha bu kədərə məndə dözüm yox,
Görən elə bilir- “yaşıyır”am da…

Mənə də dəyərmiş qüssə silləsi,
Bu dərd deyiləsi, yazası deyil.
Nə mən bu qədəri qəlbdən siləsi,
Nə TANRIM alnımdan pozası deyil…

Göz yumub könlümdən keçənə, gözəl,
Gözünə dəymərəm-üzüm qaradır.
Mən necə keçirim gecəni gözəl?!
Sənli günlərimin üzü qaradir.

Sənin gözlərinə baxa bilmərəm,
Sənin gözlərindən günahım axır.
Mən bu məngənədən çıxa bilmərəm,
Ürək sındırmışam- bir ürək axı…

Azerbaycan.Quba