Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının problematikası və janr müxtəlifliyi” adlı monoqrafiyası “GlobeEdit” nəşrlər evində (Almaniya) nəşr edilib. 120 səhifəlik monoqrafiya Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının elmi və bədii yaradıcılığını geniş şəkildə əks etdirir.

Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının problematikası və janr müxtəlifliyi” monoqrafiyası giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi və xüsusiyyətləri”, “Sabir Rüstəmxanlı yaradıcılığında publisistika və elmi janrlar”, “Sabir Rüstəmxanlı nəsrinin problematikası, janr müxtəlifliyi və xüsusiyyətləri”, “Sabir Rüstəmxanlı nəzminin problematikası, janr müxtəlifliyi və xüsusiyyətləri”, “Sabir Rüstəmxanlının dram yaradıcılığı” adlı fəsilləri əhatə edən monoqrafiyada Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri tədqiq edilib. Sabir Rüstəmxanlının nəsr, nəzm və dram əsərlərinin tədqiqinə, əsərlərindəki mənəvi problemlərin açıqlanmasına, ədibin yaradıcılığında janr qarışıqlığına və nəşr edilmiş kitablarının janr müxtəlifliyinə geniş yer verilir.

Gülnar Səma,

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi