Təcrübələr göstərir ki, müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətmək, şagirdləri biliklərin müstəqil əldə etmələrinə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Şəxsiyyətyönümlü tədris prosesi eyni zamanda tərbiyəvi proseslərin keyfiyyətinə də təsir edəcək: idrakı və sosial fəallığı, şəxsiyyətin dəyərlərini və digər vərdişlərini formalaşdıracaq. Bu tələbləri nəzərə almaqla məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal interaktiv təlim texnologiyalarına üstünlük verilməsi təmamilə təbiidir.
Müasir dərsin aparıcı prinsiplərindən biri də şagirdyönümlülük olduğu üçün bu gün ibtidai sinif müəlliminin qarşısında daha böyük vəzifələr var, çünki məktəbə kövrək addımlarını atan kiçikyaşlı uşaqlar müəllim-şagird və şagirdlərarası münasibətləri məhz ilk müəllimindən öyrənməyə başlayır. Ona görə də ibtidai sinif şagirdlərinin əksər hallarda sinif müəllimlərinə bənzəməsi fikrini məhz bu münasibətlərin nəticəsi kimi qiymətləndirmək olar. Bu gün şagirdə yanaşmada doğma münasibət təhsilin keyfiyyətində öz əksini tapmaqdadır. Belə ki, şagirdlərin ilk müəllimlərindən təhsillə yanaşı münasibət və davranış estetikasının ən yaxşı formada mənimsəməsi onlarda ən yaxşı xüsusiyyətlərin inkişaf etdirilməsinə zəmin yaradır.
Hər bir ibtidai sinif müəlliminin keçdiyi dərsin maraqlı və yaddaqalan olması üçün xüsusi yaradıcılıq qabiliyyəti olmalıdır. Müəllim şagirdlərin müstəqil işləmələrinə şərait yaradıb, onları fəallaşdıraraq, nitqlərini daha da inkişaf etdirərək tədris zamanı şagirdləri müstəqil fikir yürütməklə yanaşı, şüurlu, ifadəli və sürətli oxumağa, yaradıcılığa və tədqiqatçılığa alışdırılmalıdır. Züleyxa Qurbanova, Fatimə Ağayeva, Fərid Mahmudzadə, Məhəmməd Məmmədov, Vahid Həsənli, Fərid Əliyev, Elcan İslamzadə, Fuad Əliyev, Fəxrəddin İsmayılov, Tunar İmanov, Dəniz Əmirli, Onur Məmmədov, Aylin Şərəfli, Tamilla İbadova rəhbəri olduğum sinifin ən fəal şagirdlərindəndir.
Onu da xüsuusilə qeyd etmək istəyirəm ki, kurikulumda gözəl nəticələr əldə etmək üçün məktəbəqədər təhsil səviyyəsinin daha da yüksəldilməsi, valideynlərin düzgün və vaxtında maarifləndirilməsi işimizdə atılan uğurlu addımlardan biri olmalıdır. Kurikulum fəal təlim metodur. Maraqlısı da budur ki, ənənəvi metodla keçirilmiş təlim zamanı dərslər monoloq formasında aparılırdısa, fəal təlim zamanı şagirdlər dərs prosesinin tam hüquqlu iştirakçısı olurlar. Bu gün kurikulumun inteqraktiv xarakterli olması təlim prosesinin səmərəliliyini artırmağa, yeni təlim texnologiyalarından, fəal, interaktiv təlim metodlarından optimal istifadəyə, vaxta qənaət etməyə, təlim yükünün azaldılmasına, təlimə marağın yüksəldilməsinə, bilik və bacarıqların kompleks şəklində mənimsənilməsinə imkan verir.
Kurikulum yeni addım, yeni dünya deməkdir. Uşaqlarda bu dünyaya yaradıcı baxışlarla baxdığını görəndə daha böyük həvəslə işləyirəm. Fəal təlim metodlarının tətbiqi zamanı İKT-dən istifadə etmək, rəngarəng slaydlarla yeni dərsi tərtib etmək daha gözəl nəticələr əldə etməyə imkan verir. Çalışıram ki, hər bir dərsi açıq dərs çərçivəsində qurum, çünki dərs nə qədər maraqlı olarsa, şagirdlər bir o qədər öyrənməyə çalışar və bacarıqlarını nümayiş etdirərlər.
Hazırda təhsildə ən vacib amillərdən biri də valideynlərin məktəbə cəlb olunması, şagird-valideyn-müəllim münasibətlərinin möhkəmləndirilməsidir. Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə qənaətə gəlmişlər ki, şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır.
Həqiqətən də ailədən gələn tərbiyənin məktəbdə formalaşması üçün ilk olaraq valideynlər övldlarını ən yaxşı keyfiyyətlərə doğru istiqamətləndirməlidirlər. Onlar işlərinin ən mühimi olan övlad tərbiyəsinin özülünü qoyarkən görkəmli ədibləri, xeyirxah insanları, dilimizi, dinimizi, milli mentolitetimizi təbliğ etməli, övladlarını vaxtında maarifləndirməli və düzgün tərbiyə etməlidirlər.
Fikrimcə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mütaliənin yayılması, kitabların rolunun əhəmiyyəti böyükdür. Onları vətənpərvərlik ruhunda tərbiyə etmək üçün mütamadi olaraq müharibə iştirakçıları, görkəmli simalar, öz təcrübəsi ilə başqalarına nümunə olmağı bacaran istehsalat işçiləri ilə görüşlər keçirilmək, onlara öyrənməyi öyrətmək daha məqsədəuyğun bir mövqe ola bilər.
«Bilik məlumat deyil. Bilməyin tək yolu təcrübədir. Bir mövzunu müzakirə edə bilərsiniz, amma bu sizə yalnız fəlsəfi bir anlayış qazandıracaqdır. Bir mövzunu həqiqətən bilmək istəyirsinizsə, onu təcrübədən keçirməlisiniz». (Eynşteyn)
Məktəb həyatı da bir təcrübədir, yaşadıqca daha gözəl və aydın anlayırsan. Arzu edirəm ki, bu təcrübənin, bu başlanğıcın təməlini qoyan müəllimlərimizin qurub- yaratmaq eşqi heç vaxt tükənməsin, şagirdlərimizin səsi, sorağı daim ən yaxşı təhsil ocaqlarından gəlsin!

Sona Məmmədova,
Sumqayıt şəhər humanitar və təbiət-riyaziyyat təmayüllü
“İstedad” liseyinin ibtidai sinif müəllimi