mm

Mərhum şairimiz Məmməd Araza

Vətən səni oğul deyib səsləyir,
Sevin, ustad, həqiqətdir gümanın.
Bəxt gülünü qayalarda bəsləyir,
Ləçəyində xalı yoxdur xəzanın.

Sözlərini pıçıldadın daşlara,
Od-alovlu ürək hara, daş hara,
Söykəndiyin qayalarmı qışqıran,
Sədasımı əsrlərin, zamanın?

Ürəklərdə arzu olub hər arzun,
Bu məhəbbət alovunda gəl, qızın,
Qonur gözlü Ana Kürün, Arazın,
Nəğməsini ürəyindir yazanın.

Vətən daşı olmaq arzun, muradın,
Tariximi qayalarda aradın.
Güvənməli dağa döndü inadın,
Sərhəd oldun yollarına yamanın.

Bu torpağın taleyi kəm, bəxti kəm,
Ürəkləri didir həsrət, didir qəm.
Neçə kərə xəyalımla keçmişəm,
Təbrizimdən qovmaq üçün dumanı.

Ürəyimi aça-aça boşaldım,
Böhtanlardan qaça-qaça boşaldım,
Güman adlı bir ünvana baş aldım,
“Məmməd Araz bulağı”ymış ünvanın.

Hər şerini kəlmə-kəlmə yoğuran,
Qələminin qüdrətində dağ, aran.
Əbədiyyət zirvəsində ağaran,
Ömür adlı həyanındır, həyanın…