Tehranda nəşr edilən “Xudafərin” jurnalının xüsusi buraxılışı alim-publisist Teymur Əhmədova həsr olunub

İranın paytaxtı Tehranda Azərbaycan dilində nəşr olunan “Xudafərin” jurnalının 168-ci xüsusi buraxılışı “Respublika” qəzetinin baş redaktoru, Özbəkistandakı “Turan” Elmlər Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, professor Teymur Əhmədovun həyat və yaradıcılığına həsr olunub.

AZƏRTAC xəbər verir ki, təsisçisi və baş redaktoru Hüseyn Şərqidərəcək olan jurnal hər sayında Azərbaycan ziyalılarına da geniş yer ayırır. Jurnal “Teymur Əhmədov fenomeni” sərlövhəli məqalə ilə açılır. Məqalədə deyilir ki, Teymur Əhmədov ömrünün 50 ilini Azərbaycan elminə və mətbuatına sərf edərək bütün fəaliyyəti dövrü ərzində milli köklərimizə sadiq qalıb. Teymur Əhmədov imzası geniş ədəbi ictimaiyyətin yaxşı tanıdığı mötəbər tədqiqatçı alimlərdən biridir.

Akademiklər Cəmil Quliyev, Budaq Budaqov, Yaşar Qarayev, yazıçı Qılman İlkin, şair Nəriman Həsənzadə və başqalarının vaxtilə T.Əhmədov haqqında yazdıqları oçerklər də jurnala daxil edilib. Jurnalın digər bölməsində isə elm və mədəniyyət xadimlərinin – Azərbaycanın böyük yazıçısı Mirzə İbrahimovun, Mirvarid Dilbazinin, Kamal Talıbzadənin, İsa Həbibbəylinin, Zəlimxan Yaqubun, Əli Vəkilin, Nizami Cəfərovun və başqalarının Teymur Əhmədov haqqında fikirləri dərc olunub. Həmçinin jurnalda professor Teymur Əhmədovun “Mirzə Fətəli Axundzadənin ədəbi prosesə təsiri” və “Əndəlib Qaracadaği Nəbati” adlı məqalələrinə də yer verilib. Həmçinin publisist Həqiqət Kərimovanın “İki əsrin salnaməçisi” və “Nəriman Nərimanovun yorulmaz tədqiqatçısı” sərlövhəli məqalələri də jurnalın bu nömrəsinə daxil edilib.

Dərgidə qeyd edilir ki, T.Əhmədovun məşğul olduğu sahələrdən biri də ədəbiyyatşünaslıqdır. Onun yazdığı və tərtib etdiyi əsərlər ədəbiyyatımızın tarixində çox əhəmiyyətlidir. Nəriman Nərimanovun ədəbi, elmi, ideoloji-siyasi fikri Teymur Əhmədovun tədqiqatları nəticəsində həqiqi dəyərini alıb. Bu barədə jurnalın oxucularına ətraflı məlumat verilir.

Mənbə: http://www.azertag.az