Sumqayıtı özünə tale şəhəri seçənlərin “Şəhər günü” mübarək olsun!

Göyər, ümid payım, göyər, çin oldu,
ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
Arzum sülh adında göyərçin oldu,
Qondu Sumqayıtın sinəsi üstə.

Çəkəndən üstündən Quzey əlini,
Əritdi şəhərim buz heykəlini.
Neçə ərən oğul öz heykəlini,
Yondu Sumqayıtın sinəsi üstə.

Baxıb qibtə edir indi “o yanlar”, –
Bir vaxt ayağının altın oyanlar…
Heyrətdən – ilk dəfə qədəm qoyanlar,
Dondu Sumqayıtın sinəsi üstə.

Bacar nazını çək, qoru – evindi,
Baxdım könlüm güldü, gözüm sevindi.
Bir vaxt bircə parkı vardısa, indi
Ondu Sumqayıtın sinəsi üstə.

Sahilsiz dənizə sevgi limandı,
Xoşbəxtlik gətirər, sev ki, limandı.
İnsana, Tanrıya sevgi – imandı,
Dindi Sumqayıtın sinəsi üstə.

Sökülən dan, batan gün ah yerisə,
Dünya düzələrmi günah yerisə?!
Sən sülh qapısısan, pənah yerisən
İndi Sumqayıtın sinəsi üstə

Göyər, ümid payım, göyər, çin oldu,
ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
Arzum sülh adında göyərçin oldu,
Qondu Sumqayıtın sinəsi üstə.