
“Ədəbiyyat-Az.Com” portalına növbəti məktub redaksiyamıza Azərbaycanın Mədəniyəyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri şair Abdulla Məmməd tərəfindən göndərilib. Həmin şeirləri oxuculara təqdim edirik.
Xalidə NURAY.AYB və AJB-nin,Türkmən Yazarlar Birliyinin,Mərkəzi Asiya Yazarlar Birliyinin üzvü,
“Ədəbi incilər” jurnalının təsisçisi və baş redaktorudur.
Mərkəzi Asiya və Əmir-Temur Fondunun təsis etdiyi “Turan”medalı ilə,Çingiz Aytmatov adına medalla, “Heydər Zirvəsi” və digər diplom və medallarla təltif olunub.
Bu il,2026-cı ildə Azərbaycan Yazıçılar Birliyi Xarici Əlaqələr Şöbəsinin təşəbbüsü ilə “Türk xalqları ədəbiyyatları arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə” diplomu ilə təltif olunub.Altı kitab müəllifidir.
Hicran nəğməsi.
Döyür pəncərəmi hicran nəğməsi,
Ürəyimdə əsir payız qorxusu
Udur dincliyimi pıçıltı səsi,
Hər an gələ bilər ömür oğrusu.
Döyür pəncərəmi hicran nəğməsi,
Ürpənir ümidim teldən asılır.
Ayrılıq söyləyir küləyin səsi,
Soyuq,lal baxışım yeldən asılır.
Döyür pəncərəmi Hicran nəğməsi,
Süzür ağır-ağır nəm ürəyimə.
Sınıbdı kölnümün sirr piyaləsi,
Düşür ağrı-ağrı qəm ürəyimə.
Döyür pəncərəmi hicran nəğməsi,
Ömrümə soyuq qış yuxusu gəlir.
Ruhum da canımda,sanki tələsir,
Yuxumdan ayrılıq qoxusu gəlir.
Xalidə Nuray 25.10.2025
Xatirələrin üşüyür.
Ümidlərimi gözüyaşlı qoyub,
günahlarınla üzləşmədən,
xəyallarımı yıxıb getdin.
Yanağından şeh süzülən
talehimə acımadın.
Bəxtimin qapısını
üzümə çırpıb,getdin.
Ömür kitabımın
dağ çəkilmiş sinəsində
xatirələrin üşüyür.
Yollarda ayaq izlərin,
əyni yalın həsrətinin
qəddi əyilmiş kölgəsini,
arxasınca sürüyür.
Divarda intihara
qəribsəmiş şəkillərin,
məhkum libası geyinib,
asıldığı ümidindən üşənir.
İtirdiklərini axtarırmış kimi,
peşman olmuş baxışların
səba yeli,
saçlarıma toxunur.
Toxunuşu əzab verir
duyğularımın hənirinə.
Daha dözmək istəmirəm,
bu sevgisiz həyatın
dərdi-sərinə.
Yalanlarıyla bəslədiyi
məhəbbətdən,
əllərimi üzmüşəm.
Qadınlığın ismətinə qısılıb,
susmaqdan üzülmüşəm.
Nəhayət anladım ki…
İçimi göynədən tənhalığın
ulayan sazağında,
ovunduğum xatirələri
üşüdən,
sənin yoxluğun deyil…
Ruhumu udmuş yalqızlığın ağzında,
canı soyumuş nəfəsim imiş!