ADAM YOXDU

Uca dağlardan enmişəm,
Zirvələrdə odam yoxdu.
Qartal kimi qıy vurardım,
İndi səsim, sədam yoxdu…

Uçdu əlimdən su sonam,
Lazım gələndə susanam,
Bilirəm adi insanam,
Bircə damcı ədam yoxdu…

Ömür qandı, zaman zəli,
Az qalıram olum dəli,
Dəyməyib anamın əli,
Yeməyimdə o tam yoxdu…

Özümə deyiləm hakim,
De, nə qədər xiffət çəkim?
Sığallasın başımı kim? –
Anam yoxdu, atam yoxdu…

Eşq selləri axıb gedib,
Doğmaları yığıb, gedib,
Yaşıdlarım çıxıb gedib,
Dərdləşməyə adam yoxdu…

15.09.2016

XİFFƏT XƏZİNƏSİ

Qəm kəsib könül qapımı,
Çaylaq daşı tək üzü var.
Ömür də ümman kimidi,
Sahili var, dənizi var…

Dərd içimdə ocaq çatdı,
Şöləsi hər yana çatdı,
Sevdalı qəlbim çat-çatdı,
Hər ağrının bir izi var…

Yol gedəndə dizim əsir,
Dodağımda sözüm əsir,
Qəlbim – xiffət xəzinəsi, –
Həmişə ağlar gözü var…

Son yol ayrılıq yoludu,
Mən səni necə unudum?
Başımda kədər buludu,
Qəlbimdə həsrət közü var…

Yağış yağıb getməlidi,
Sellər axıb getməlidi,
Hamı çıxıb getməlidi,
Bir gün gec, bir gün tezi var…

07.08.2019