Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Məndən gül istəmə, gül istəyən qız,
Gülə əzab verir solmaq qorxusu.
Bu qədər doğmaykən, bu qədər yadıq,
Gözümü üşüdür dolmaq qorxusu.

Eşq bir təmənnadı duyğular üçün,
Sevda günahıdı mey, ərlər sevir.
Mən sənə onunçun üz vermirəm ki,
Bu ağzıgöyçəklər deyərlər: sevir.

Sən sevgi bağında bir dürr kimisən,
Ruhun işıq saçır, camalın aydın.
Bilmirəm, içindən nə keçir indi,
Kövrək sevda kimi amalın aydın.

Həyat göz görməyən çəpərdi bəlkə?!
Soyuq qucaqlarda yaş olmaq çətin.
Mən sənin yanında daş oldum ancaq,
Adam ola-ola, daş olmaq çətin.

Məncə, zülüm yoxdur acizlik qədər,
Lal duyğu bir namaz daşımı sənə?!
Desələr, köksünə qəm çöküb, bil ki,
Allah əsirgəməz başımı sənə.

Torpaq qoxlayıram əkinçisayaq,
Eh, toxum səpirəm, zəmim ol, yetər.
Mən sənin ən susqun adamın ollam,
Sən mənim ən şıltaq qəmim ol, yetər.

***

Yenə aramızda aralar artıb,
Mən hansı biçimdə ad verim buna?
Gör, neçə zamandı məktub yerinə
Yarpaqlar tökülür poçt qutusuna.

Sevda qarğışından qurtulmaq olmur,
Canı ağrıyana pir təsəllimi?!
Sən elə baxırsan, elə bil daşam,
Hər qəlbin sığalı bir təsəllimi?!

Yüz yol selə atdın, sel aparmadı,
Allahmış qolumdan tutanım bəlkə?!
Sən mənim yerimə əzab çəkirsən,
Mən sənin yerinə utanım bəlkə?!