
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
BELƏ Kİ BOY GÖSTƏRİRSƏN
Yenə şükür hər bir aya,
ilə ki, boy göstərirsən.
Bir ağız da sən dua et,
Dilə ki, boy göstərirsən.
Dərvişlərə yuxu yoxdu,
Azı qalıb, çoxu yoxdu.
Ümmanlardan qorxu yoxdu,
Selə ki boy göstərirsən.
Əynində əcəl köynəyi,
Dərd eyləmisən gör nəyi?!
Dilin də dibi göynəyir,
Dilə ki boy göstərirsən.
Mətləb var, sirri dərində,
Faş olar günün birində,
Hələ ki, boynun yerində,
Hələ ki, boy göstərirsən.
Həqiqətdə hey qalmayıb,
Car etməyə ney qalmayıb.
ilgəyə bir şey qalmayıb,
Belə ki boy göstərirsən.
OĞULLAR GEDİBLƏR GÜN QAZANMAĞA…
Bütün gecələrin sabahı olmur,
Bütün sabahların gecəsi gəlməz.
Gedib-qayıtmaq da tale işidi,
Neçəsi gələrsə, neçəsi gəlməz.
Gəlməz ömürlərə bəxt dediyimiz,
Alında talenin qırışı yoxsa.
O kəs yenilməyə məhkumdu, əgər
Düşmənin önündə duruşu yoxsa.
Çıxart barmağından o üzüyü də,
Bəxtini üzüyə bağlayan adam.
Sənin öz günündən xəbərin varmı, –
Özgənin gününə ağlayan adam?!
Özgənin gününə ağlayan adam,
Gözündə ağ qalıb, qara ki yoxdu.
Canı ora-bura çırpmağın əbəs, –
Sən canı çırpırsan – hara ki yoxdu.
Qərib-qürbət ömrün baharı itib,
Qışda nəsib olmaz gün – qızınmağa.
Gör neçə bacanın buxarı itib,
Oğullar gediblər gün qazanmağa.
Oğullar gediblər gün qazanmağa,
Neyləsin, bir özgə gün axı yoxdu.
Bir loxma çörəyin izinə düşüb
Gedən oğulların günahı yoxdu.
Məmləkət-məmləkət, diyarbadiyar
Ərlər yoxa çıxır, kişi azalır.
Yerlərdə Allahlıq davası gedir,
Göylərdə Allahın işi azalır.