
“Ədəbiyyat-Az.Com” portalına növbəti məktub redaksiyamıza Azərbaycanın Mədəniyəyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri şair Abdulla Məmməd tərəfindən göndərilib. Həmin şeirləri oxuculara təqdim edirik.
XƏCALƏT
O hansı söz idi saldı zəlzələ..,
Yadıma gəlmir ki, nə dedim onda..,
Yarıldı ortadan bu yer kürəsi–
Sən o yanda qaldın, mənsə bu yanda.
Bəlkə də bəhanə axtarırdım mən,
Yəqin ki, görmürdüm o səadəti…
Sən qürurla getdin, vüqarla getdin,
Mənimsə içimdən sındı qamətim.
…Köhnə nəğmələrdən saralır səsim,
O yarğan hələ də yeində durur…
Indi gözlərimi qamaşdırır hey
Bu axşam günəşi, saralan qürub…
…Hədənbir göz yaşın damır üstümə
Unudulmuş ömürün o illərindən…
Indi utanıram xatirələrdən,
Xəcalət çəkirəm şəkillərindən.
19.12.24
ŞƏHİDİN ANASINA MƏKTUBLARI
Məni bağışla ki, gələ bilmirəm
Mən ki, unutmadım heç bir kimsəni… …
Mənim də qəlbimdə çalınır o toy..,
Mən də eşidirəm o toy səsini…
Məni bağışla ki, bağışla, ana
Sonsuza çatdırdım gecələrini…
Burda dostlarım var onlar neynəsin–
Yoxdur ki, anası neçələrinin…
Burda ki, hamısı tay-tuşlarımdır,
Hərənin qəlbində sonsuz bir ocaq… …
Ölmə əziz anam, mehriban anam..,
Sən ölsən onları kim ağlayacaq?..
19.09.22
*
Mən gələ bilmərəm sonsuz döyüşdən..,
Ağardı çoxunun saçı, bilirəm…
Murazın qəlbində qoyduğum qızı
Mən indi özümə bacı bilirəm…
Mən gələ bilmərəm, bitməyib döyüş..,
Dostlar yaralanır, şəhid düşürlər..,
Hər zaman dua et.., qərib dualar
Elə bil bizimlə bir döyüşürlər…
…Daha nə deyim ki, bir toy axşamı
O qız arzulasa, onunla görüş… …
Mənim əziz anam, mehriban anam
Mən gələ bilmərəm—bitməyib döyüş…
22.09.22
(Bir qış günü kənddə boş qalmış ata evimizə baş çəkdim)
Min ildi açılmır bu qapı sanki,
Öcəşir bayaqdan açarla kilid.
Elə bil deyir ki, azmamısan ki?.,
Elə bil deyir ki,sən kimsən ,,igid,,?..
Bilməzdim bir kilid üzə bozarıb
Adamın başını hərlədə bilər…
Ömründə bilməzdim paslı bir kilid
Adamı soyuqdan tərlədə bilər…
Sanki boynumuza dirənib naqan,
Bir az səksəkəli, bir az da dalğın…
Biz iki əsirik—evimiz və mən,
Durmuşuq üz-üzə qolları bağlı…
Gözləri bərəlib vaxtın.., eyvanın…
Mənim də gözlərim o cür döyüküb…
Durub aramızda sual dağları..,
Cavablar gözünü elə döyür ki…
…Kilid qollarını salır yanına..,
Bu yol vermək deyil.., tənədir,tənə:
–Sən hansı ürəklə şeirlər yazdın?.,
Nə qədər yalanla gəlmisən yenə?…
…Sındıra-sındıra aparır həyat,
Mənimlə yoldaşdır zamanın tərsi…
…Vermədi kitablar, professorlar
Paslı bir kilidin verdiyi dərsi…
14.07.21