“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.

* * *

Buz kəsilib səndən sonra xatirən,
Nə bir gülür, nə ağlayır, biləsən.
Ürəyimin ümidinə qalmışam,
O da səni sayaqlayır, biləsən.

Biləsən ki, nə getməyə yerim var,
Nə qalmağa rahatlığım var mənim.
Üstümə gün kimi düşür, biləsən,
Qaraldır qanımı axşamlar mənim.

“Gəl-gəl”-deyə yellənirdi əllərim, –
Əlim əsə-əsə xatırlayıram.
Baxma yaddaşımın nadincliyinə,
Səni birnəfəsə xatırlayıram.

Buz kəsilib səndən sonra xatirən,
Yerimdəcə qurumuşam don kimi.
Bilirəm e, bu axırdı, bu sondu,
Sən yenə də oxuyarsan “Dön” kimi.

* * *

Tanımırdım göz yaşını onda heç,
Ürəyim də, gözlərim də sağıydı.
Bütün dünya bələnmişdi ətirə,
Bütün günlər ağ buluddan ağıydı.
Qəfil bir gün sevdi, atdı, unutdu,
İlahi, o necə unutmağıydı?
İlahi, sən axı, bilirdin axı
Bu eşqin axırı necə olacaq.
İtəcək gözümün ağı, qarası,
Günün gündüz vaxtı gecə olacaq.
Sən niyə demədin, niyə demədin
Dağlar çəkiləcək, köksünə dağlar,
Sənə diri-diri məzar olacaq
Bu soyuq divarlar, soyuq otaqlar.
Sən niyə demədin axı, İlahi,
Ayrılıq sonunda tapır hər kəsi?
O çoxdan ölübdü, bəs niyə sağdı
Onun pəncərəyə düşən kölgəsi?
İlahi, o necə unutdu məni?
Hansı nağıllarla uyutdu məni?
Bir də baş vurmağa xatirələrə
Özün bilirsən ki, həvəsim çatmır.
İlahi, o necə unutdu məni?
İlahi, İlahi nəfəsim çatmır.
Yağışdan sonrakı göy qurşağıydı,
O axı könlümün öz uşağıydı!
İlahi, o necə unutdu məni?
İlahi, o necə unutmağıydı?!