
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri.
SƏNMİ GÜNAHKARSAN, MƏNMİ GÜNAHKAR?!
Bəxş edib yerimə yoxluğumu, mən
Sənin ümidinə qoyub gedirəm.
Götürüb acılı toxluğumu mən,
Demə ki, sevgimdən doyub gedirəm.
Yad hissə üz tutan dönük qəlbindən,
Barı gəl, ömürlük çıxar sən məni.
Ürəyim atlanar sönük qəlbindən
Adımı silərək çıxarsan məni.
Ümid ağacından son yarpaq kimi,
Sözünlə düşürüb ruhumu çaldın.
Sevgimlə oynayıb oyuncaq kimi,
Sevdalı dünyanı gözümdən saldın.
Saf hissdən gözünü çəkən qüssəsən,
Sızlayan qəlbimin məngənəsində.
İtirib mərhəmət açarını sən,
Görən nə qazandın yad kəlməsindən?
İçimi göynədən həsrət çisəni,
Payız xatirəli gözündə yoxdur.
Yaxşı ki vaxtında tanıdım səni,
Sənli günlərimdə gözüm də yoxdur.
Sənli duyğularım yem olub dərdə,
Bir daha şəninə yovuşmayacaq.
Geri dönməyəcək bu qatar bir də,
Sevincin sevgimlə qovuşmayacaq.
Daşlaşan ürəyin eşq həvəsindən,
Sustalan ümidin gözləri naçar.
Rəbbim anladacaq-son nəfəsində
Sənmi günahkarsan, mənmi günahkar?!
Azərbaycan.Quba.
28.07.2021.
ÜZ TUTSAM ÖMRÜNƏ QƏM UDAR MƏNİ.
Qənim kəsilərmiş, gülüm, gül ətrin
Ağrıyan qəlbimə, acı günümə.
Ürəyim, ahımın qalmasın xətri,
Ağla, için-için acı günümə.
Getdin intizarı calayıb mənə,
Sözünlə dağ çəkib ürəyimə sən.
Mənsə saf sevgimi bəxş etdim sənə,
Qəmi salmayasan ürəyinə sən.
Deyirdin: “Mən sənin görən gözünəm…”
Niyə məhrum etdin gözümdən məni?
Gündüz təbəssümlə, gecə gözü nəm,
Yaddaşım yaşadır sözümdə səni.
Ağlını başından alıb yad həvəs,
Yad hissi üyüdən canımda sənsən.
Daha mənlik deyil aldığın nəfəs,
Dərdimə sığınan canım da sənsən.
Dağlara üz tutan zavallı ahım,
Zirvənin fövqündə güvən arayır.
Səni sevməyimmiş, demə günahım,
Özümə qayıdır
qəmli harayım.
Yad hissə dəyişdin doğma duyğumu,
Xatirə selində boğulan, sevdam.
Ahımın gözündən qaçan yuxumu,
Qədərin bətnində doğulan sevdam?!
Günlərin əlində hisslərim yesir,
Tənha bir qüssədir ovudan məni.
Acılar qoynunda ürəyim əsir,
Ömrünə üz tutsam qəm udar məni…
Ürəyim, ahımın qalmasın xətri,
Ağla, için-için acı günümə.
Qənim kəsilərmiş gülün gül ətri,
Ağrıyan qəlbimə, acı günümə.
Azərbaycan.Quba.
18.11.2020.