Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri

Əgər səni çağırsam, oyun oynasaq
Allahdan icazə alsaq,
nə olar, nə olmaz
nələr yasaq?
Dostum, bəlkə bir oyunla
min yaramıza basa bilərik duz?
Niyə susursan ki?
Yenə istəyirsən adını çağırım,—
Aysberq, buz?!

Sən qaranlıq şəhərin intihara hazırlaşan
kasıb cavanı olsan…
Mən sənin özünü atmaq istədiyin evin
səni kürəyimdə daşıyan eyvanı olsam…
Sən əlində telefon işığıyla gecələr iş axtaran
Mən küçə fənərlərini sənin yoluna düzən,
bəxt gətirən adamın olsam…

Sənə “hələ ölmə, tezdir!” deyən,
yadına salanın olsam!
Dostuq da, lap elə qadanı alanın olsam.
Ya da, ən ağır günlərində gülərüzlü salamın olsam!

Sən bir kitab yazmaq istəsən,
şöhrət quyusunu qazmaq istəsən,
Mövzun olmasa, mətni yaza bilməsən
Elə yazan kimi ilk cümlələri silməsən…

Mən desəm ki, “yazma, nəyinə gərək?
Yazmaq hansı adama verib
qarındolusu çörək?”
“Gəl!” desəm, “yazmadan də sevinək!”
Bəxtimizi bir şeş qoşa bilək…
Ataq!
Ataq dənizlərə bu şəhəri,
bu bəxti,
bu işsizliyi,
bu yazmaq sevdasını
Seçək özümüzə iki nəfərlər adasını!

Orda, o sakit suların arasında
başlayaq oyunumuza yenidən.
Daha əvvəlki tək
ümid gözləməyək sübhdən, səhərdən…
İlahi, bu necə olur axı?!
Bu gün bir saatdır ki, birlikdəyik
elə bil min ildi çıxmışıq bəxtsiz şəhərdən!

Sən burda, bu sakit sularda
İstəsən bir göl ol, istəsən okean ol.
Uzat qollarını irəli,
istəsən öp, oxşa, əzizlə məni.
Qucaqlama daha geridəki illəri!

Bir yosun olub, suyu içə bilərsən
Bu okean olmasın, o biri olsun
Hamısını bu oyunda sənə vermişəm.
Hansını istəsən, seçə bilərsən!

Burda yadına düşməz ki, kədər
burda oyunumuz bitməz ki, hədər.
Burda günləri itələmərik ki,
Onlar öz axını ilə, xoşluqla gedər…
Nə yaxşı ki, gəldik bura,
tezliklə içimizdəki boşluq da gedər.

Sən balıq olmağı seçməzsən, bunu bilirəm.
Axı danışmaqdır sənin işin
Sahil qumu olub daha keçmişin
Biz indi çox xoşbəxtik,
böyük bir adaya olmuşuq cüt sərnişin…

Oyun bitdimi?
Mən bilmirəm,
bəlkə sən biləsən?
Qaranlıq şəhərdə dərdli adamlara daha gülmürəm…
Həmişə ölməyi arzulayırdım,
bu adada daha gündə yüz dəfə ölmürəm.
Bəlkə bu adanın girişinə yazaq
“Xoşbəxtlərin gəlişi yasaq!”

Bəlkə yenə oyun oynasaq?
Maraqsız oldu e həyat…
Nə qədər olar, elə başını qoy yat…
Deyəsən, tanımır buranı nə əcəl, nə də fələk.
Dərd də yoxdur ki, çəkək.
Dostum, gəl sulardan dolma bükək
Sən onun içinə “burda çoxlu iş var.”
yığ
Mən “gəlin, hamınıza yer var.”
yığım.
Ataq sahilə,
kim yesə,
sehrə düşsün, qonaq olsun bizə…