
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Gözün aydın, nəfəsini dər rahat,
Əllərimdən sığal görməz saçların.
Ürəyini süfrə kimi sər rahat
Ayağına, bədəninə acların.
Elə sər ki, özün də dad bir tikə,
Doya-doya gözünə sürt qanını!
Mən qarışqa, sən asudə çəyirtkə —
Nə bilirsən fəsillərin qarını?
Qəzəbliyəm dünənimə, özümə,
Qəzəbliyəm, nə gizlədim, nə danım…
Lənət olsun astarına, üzünə,
Tüpürmüşəm gərdişinə zamanın!
Ayazıyıb fikirlərim nə vaxtdır,
Kimdir məni xəyallarda saxlayan?
Amma qəlbim böyüməyən uşaqdır —
Ümidləri daşa dəysə, ağlayan…
Kim mənimtək yollarına gül sərər?
Ver haqqını sevginə möhtacların!
Gəlişinə qucaq açmaz pəncərəm,
Yuxulamaz sığalımdan saçların.
Məhəbbətin közərdikcə sinəmdə—
Fillər kimi ölümünü bilirmiş*…
Sən içimdə hər gün bir az öləndə
Xatirən də yavaş-yavaş ölürmüş…
Gözün aydın, nəfəsini dər rahat,
Əllərimdən sığal görməz saçların.
Ürəyini süfrə kimi sər rahat
Ayağına, bədəninə acların