
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
GİZLƏNMİŞƏM
Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə gizlənmişəm.
Qaraya ağ demişəm,
Nahaqqa haqq demişəm,
Haqqa nahaqq demişəm,
Suçumda gizlənmişəm.
Özümdən geri qaçıb,
Qırxımdan diri qaçıb,
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.
Tarixi daşlaşdırıb,
Ruhumu yadlaşdırıb,
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.
Çöl üzümdə biçim var,
Aralıqda seçim var,
“İki dünya” içim var,
İçimdə gizlənmişəm.
YUXULARINDA
…Mənə eşq şərbətin içirməsən də
Vaxtını bihudə keçirməsəm də
Sevgimi qəlbinə koçürməsən də
Kaş yerim olaydı yuxularında.
Zərgərəm, sənin tək zər tapmasam da,
Qəlbimə güc verən pər tapmasam da,
Sənin baxışında yer tapmasam da,
Kaş yerim olaydı yuxularında.
Sevgini dadançün sevgi bal dadır,
Çoxuna güc verir, çoxun aldadır…
Xəyalım yuxuna gedən yoldadır,
Kaş yerim olaydı yuxularında.
…Adını qəlbimdən silmədim, neynim,
Sənsiz danışmadım, gülmədim, neynim,
Qəlbinə yol tapa bilmədim, neynim,
Kaş yerim olaydı yuxularında.
Nəzərlər bu gözə, qaşa dəyməsin,
Gözdən gilələnən yaşa dəyməsin,
Bircə bu istəyim daşa dəyməsin,
Kaş yerim olaydı yuxularında.
Daha yollarını izləmirəm mən,
Məhəbbət quşunu gözləmirəm mən,
Rüfətəm, heç nəyi istəmirəm mən,
Kaş yerim olaydı yuxularında..!