Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Səmadan ağır-ağır”

Səmadan ağır-ağır
Dənizə yağış yağır.
Damcılar iri, şəffaf,
Büllur kimi təmiz, saf.
Sanırsan yağış deyil,
Göydən ulduz tökülür.
Karvanqıran elə bil
Kəhkəşanda sökülür,
Göydən ulduz tökülür.

Səmadan ağır-ağır
Dənizə yağış yağır.
Dəniz böyük, hüdudsuz,
Tökülən yağış – ulduz
Dənizin qucağında
Qərq olaraq bir anda
Çatır əbədiyyətə,
Qovuşur məhəbbətə
Dənizin qucağında.

Yağışlar şəffaf, iri…
Bir insandır hər biri.
Eynşteyn, Pyer Küri,
Azadlığın Sabiri,
Puşkin, Vurğun, Qaliley,
Füzuli, Heminquey –
Bəşər kəhkəşanından
Yağan ulduz – yağıştək
Bircə-bircə düşərək,
Məhəbbət dənizində
Qərq olur zaman-zaman.

Səmadan ağır-ağır
Dənizə yağış yağır.
Damcılar iri, şəffaf
Büllur kimi təmiz, saf…

1968