Böyük Vaqif, keçdi illər,
İl bir yerdə qala bilməz.
Əsrlərdə hanı hünər? –
Səni məndən ala bilməz!

Eşq şairi! Bu eşqə bax!
Şirvan, Muğan, Mil, Qarabağ
Gəzir el-el, oymaq-oymaq
Sərhəd bilməz, qala bilməz.

Sənin eşqin, sənin dühan,
Şahları da qoydu heyran.
Yaxşı sözdür: “Hər oxuyan
Molla Pənah ola bilməz!”

Qoşmaların, qəzəllərin
Əzbəridir gözəllərin.
Söz ilhamsız olsa yəqin
Ürəkləri çala bilməz.

Gəz indi Kür qırağında
Gəncə, Bakı torpağında
Heykəlinin ayağında
Tər çiçəklər sola bilməz.

Şairlər var dəstə-dəstə
Hər birisi bir həvəsdə.
Fəqət sənin adın üstə
Kimsə kölgə sala bilməz.

Kürçaylı da körpə quşdur,
Budağında oturmuşdur.
Hara getdi, hara uçdu –
Dönər, sənsiz qala bilməz!

1968