em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

NƏ GÖZƏLSƏN

Lalə tək gözəlsən güllər içində,
Meh əsir yellədir al köynəyini,
Bəlkə də sevgilim sənsən artıran,
Bu bağın-bağçanın gözəlliyini.

Baxdıqca hüsnünə könlüm açılır,
Gül gülü çağırır, bülbl bülbülü,
Hər yarpaq təptəzə bir hava çalır.,
Necə sevməyəsən sənin tək gülü.

Günəş camalını görüb sevinir,
Şəfəqlər içində necə qəşəngsən,
Eşq ilə dil açıb bülbüllər dinir,
Güllərin içində nazlı mələksən.

Məftun eyləmisən sən məni gülüm,
Sən mənim eşqimin qızıl tacısan.
Hurisən, mələksən saçı sünbülüm,
Sən könül bağımın gül ağacısan.

İnan ki mən sənə heyran olmuşam,
Sən varsan sevirəm gülü, çiçəyi.
Çıxırsan çəmənə hər səhər, axşam,
Vallah artırırsan sən gözəlliyi.

SÖZÜN DÜZÜ

Səhrada iz tez itir,
Sözü çəkmə səhraya,
Elə danış, elə din,
Gəlim çatım haraya.

Sözün işığına çıx,
Azı çoxdan abırlı,
Söz var saçı ağarıb,
Söz barlı-baharlı.

Söz var qaraqabaqdı,
Söz var göylərdə süzür,
Təbəssüm yaxşı şeydi,
Naz var ki, ürək üzür.

Söz var dili dondurur,
Söz var alovdu, oddu,
Söz var ipəkdən incə,
Söz də var üzü coddu,

Yovşan ətri gələn söz,
Oda, ocağa çəkir,
Söz də var kəklik kimi,
Çəməndə, düzdə səkir.

Mən deyim, siz eşidin,
Hər sözüm ürək sözü,
Bircə onu bilirəm,
Gözəldi sözün düzü.

BU NAZ

O sevdiyim nazlı dilbər,
Sürmə çəkər göz, qaşına,
Bircə kəlmə söz dedinmi,
Gedib deyər qardaşına.

Dodaqları gül ləçəyi,
Bağça, bağın tər çiçəyi,
O bəyənməz hər çiçəyi,
Sirrin açmaz sirdaşına,

Əziz Musa yanma hədər,
Naz olarmı bəs bu qədər,
Bu hicran məni öldürər,
Qıymaz barı göz yaşına.