
“Ədəbiyyat-Az.Com” portalına növbəti məktub redaksiyamıza Azərbaycanın Mədəniyəyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri şair Abdulla Məmməd tərəfindən göndərilib. Həmin şeirləri oxuculara təqdim edirik.
Səxavət ƏNVƏROĞLU Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin üzvü dənizçi-şair 8 şeirlər, 1 hekayələr kitabının müəllifidir.
Durma, sən Allah
(Aşıq Zülfiyyə xanıma)
Əlindəki telli sazın olaydım,
Sürməli qaşında nazın olaydım.
Çiçəkli dağlarda yazın olaydım,
Gəl belə qəsdimə durma, sən Allah.
Tutduğun simlərdə qəlbinin səsi,
Yanıq Kərəminlə çəkdin nəfəsi.
Ah çəkdim, ucaldı eşqin qüssəsi,
Dikilən şəstimi qırma, sən Allah.
Ürkək baxışların zövq verir mənə,
Sevdalı ürəyim isindi sənə.
Mən söz aşiqiyəm sazı çal yenə,
Gözünlə, gözümü yorma, sən Allah.
Gözəllər yanında huri mələksən,
Könül bağçasında sirli çiçəksən.
Sazınla, sözünlə bizə gərəksən,
Mizrabı könlümə vurma , sən Allah.
Vurğunam sənəti, şairliyinə,
Nəğmələr söyləyən şirin dilinə.
O, sazı sızladan, zərif əlinlə,
Oxşa ürəyimi qırma, sən Allah.
Oxşa ürəkləri oxşa, Zülfiyyə.
(Qara dəniz/ Türkiyə sahilləri) 2008
Halallıq istəsən
And içdik, əhd etdik görüşərik biz,
Üzü qara olsun bəxti taleyin.
Mən qərib ellərə didərgin düşdüm,
Sən ər ocağında namuslu gəlin.
Xatirə gölündə xatırla məni.
Taleyin hökmünü nə biləsən ki,
Əlində oyuncaq oldu məhəbbət.
Yollara baxmaqdan yoruldu gözüm,
Çiçəktək vədəsiz soldu məhəbbət.
Xatirə gölündə xatırla məni.
Yazım qışa döndü, qışım borana,
Qəlbim səni andı hey yana-yana.
Həsrətin könlümü yığarmış cana,
Sənsiz baş götürüb getsəm hayana,
Xatirə gölündə xatırla məni.
Döndərib könlümü qəm yuvasına,
Nə qədər istəsən sən məni sına.
Yad oldun bülbülün gül vəfasına,
Tuş edib könlümü eşq cəfasına,
Xatirə gölündə xatırla məni.
And içdik, əhd etdik qovuşmağa biz,
Üzü qara olsun bəxti taleyin.
Bir daha sevmərəm, inan şübhəsiz,
Sənə yad olandan sevən ürəyim.
Xatirə gölündə xatırla məni.
Mersin (Türkiyə)2011
Gedən dünya
Ağlayanı hey ağladıb,
Yalanlara gülüş payı,
Sevənlərə vüsal, həsrət,
Qəm, kədərə görüş payı,
Verən dünya, verən dünya.
Gülən yoxdur, küsür hamı,
Gələn çoxdur, susur hamı.
Özgəsindən kəsir hamı,
Haqq önündə əsir hamı,
Öz keyfini sürən dünya.
Kimlər gəlib kimlər gedir,
Qazandığın külə dönür.
Aylar, illər hədər gedir,
Dərd gözündə gülə dönür,
Viran dünya, viran dünya.
Çatan çapır, qanan qapır,
Yarı yolda batan batır.
Atın gedir, yükün qalır,
Mürgüləyib yatan yatır,
Talan dünya, talan dünya.
Min sifətdə, hər naxışda,
Kim enişdə, kim yoxuşda,
Dərd nəmlənir gül baxışda,
Bitir tərif, hər alqışda,
Qəm qoxuyan yalan dünya.
Diliskelesi (Türkiyə) 2006