Azərbaycan ilə Vyetnam xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə vermək, eləcə də Vyetnam mədəniyyətini Azərbaycanda daha geniş tanıtmaq məqsədilə ölkəmizdə 4-cü dəfə “Vyetnam günləri” keçirilir.

AZƏRTAC xəbər verir ki, Vyetnamın Prezidenti Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başlanan əlaqələrin 67-ci ildönümü və iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin birinci ildönümünə həsr olunan “Vyetnam günləri – 2026” çərçivəsində iyulun 29-dan avqustun 2-dək müxtəlif tədbirlər keçiriləcək. Builki tədbirlərdə Vyetnamın ictimai xadimləri ilə Hanoy Musiqi Akademiyasının rəhbərliyi və geniş tərkibli musiqiçi heyəti Bakı ilə yanaşı, Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edir. Yaxın gələcəkdə Qəbələnin Vyetnamın aparıcı turizm bölgəsi olan Na Çanqla qardaşlaşması, habelə Vyetnamda Qəbələ Musiqi Festivalının təşviq tədbirləri nəzərdə tutulub. “Vyetnam günləri” çərçivəsində Vyetnamdan gələn nümayəndə heyətinin iştirakı ilə təhsil, mədəniyyət, turizm, innovasiya və kino sahələrini əhatə edən çoxsaylı görüşlər, mədəni tədbirlər və rəsmi ziyarətlər təşkil olunacaq.

İyulun 29-da Vyetnam nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ulu Öndər Heydər Əliyevin abidəsini və Prezident Ho Şi Min otağını ziyarət edib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində ikitərəfli əməkdaşlıq perspektivlərinə dair görüş keçirilib.

Səfər çərçivəsində Bakı Dövlət Universitetində Vyetnam incəsənət ustalarının çıxışı da olacaq. Bu ali təhsil ocaqları ilə əməkdaşlıq Vyetnam tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlıların əksəriyyəti məhz sözügedən təhsil ocaqlarında oxuyublar.

Səfər çərçivəsində Vyetnam nümayəndə heyətinin Azərbaycan Turizm Bürosunda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində görüşləri nəzərdə tutulub. Azərbaycan Kinosu Gününə həsr olunan tədbirdə Vyetnam kino sahəsinin rəhbərlərinin iştirakı ilə mərhum kinorejissor Əjdər İbrahimovun Vyetnamla bağlı kitabının təqdimatı olacaq.

Avqustun 1-də Bakının tarixi simvolu olan İçərişəhərdə “Vyetnam günləri” çərçivəsində açıq havada geniş mədəni proqram təşkil olunacaq. Tədbirdə Vyetnamın milli musiqisi, rəqsləri və incəsənət nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “Vyetnam günləri” ölkəmizin Vyetnamdakı səfirliyinin təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Vyetnam Milli Akademiyasının və Vyetnam şirkətlərinin dəstəyi ilə keçirilir.

Mənbə: https://azertag.az/