
Çərşənbə günündə çeşmə başında
Görəsən aşığın nə işi vardı?
Olsun ki, ustadın hər bir yaşında
Gözlərə göz qoymaq vərdişi vardı.
Olsun ki, o gözəl naz etməsəydi,
Qaşını oynadıb göz etməsəydi,
Mübarək sehrini Saz etməsəydi,
Nə qanad qopardı nə qol sınardı
Ələsgər anladı, gözəl ərdədi,
Gözündən oxudu: ” Bəd əllərdədi”,
Könül tutmasaydı gözmü gülərdi?
Dərinə getsəydi – can da alardı.
Ustad çoxlarıyla sözlü hənəkdə,
Ruhları göylərdə nəğmə deməkdə,
Sular sərin qalar saxsı sənəkdə,
Nə olsun sənəkdi, bir yol alınardı.
Yamanmış canına saldığı qada,
Zülmə bax, hər elmdən halı ustada!
Nə olar özgənin malı olanda,
Adam Ələsgəri heç yandırardı?
Candan “can” dediyi can aralıydı,
Canan dərdli idi, o yaralıydı,
Halallıq – Çərşənbə halallığıydı,
Hər nə alınsaydı orda qalardı.
O zalım kişini elədi xəstə,
Ayə, VAHİD ƏZİZ, sən nə həvəsdə?
Yanında olsaydın, ağzının üstə
Ustadın ərk ilə sillə vurardı…