abdullamuellim

Gərək çıxmayaydın önümə bir də,
Kaş elə qalaydın dünənimdə sən.
De,niyə dönmüsən günümə bir də?
Sən ki sənə bağlı dünənimdəsən.

Yadıma düşdükcə sənli o çağım,
Yenə də ürəyim yerindən çıxır.
Külü də sovrulub sənli ocağın,
Başımın üstündə şimşəyi çaxır.

Yeriyir üstümə dərd dönə-dönə,
Yeyir ürəyimi sənli fikirlər.
Sən özün-özünü saldın düyünə,
Dumanlı,çisənli,çənli fikirlə.

Düşüb şübhələrin bəd qəlibinə,
Dedin:”Yanılmışam sevən anımdan.”
Köçürə bilmədin məni qəlbinə,
Kəsildin məhəbbət imtahanından.

Getdin,qədərimə yar oldu dünyan,
Əsdi qara yellər yollarım üstə.
Payız yarpağı tək saraldı sevdam,
Eşqin gül tək soldu qollarım üstə.

Geyib dərd donunu kəsilir qənim,
Sevdalı dünənim,yaslı bu günüm.
Məni də salmısan gözümdən-məni,
Gözümdən düşənlə necə öyünüm?!

Dəlir ürəyimi məsum görkəmin,
Gözümə dağ çəkir baxışların da.
Mənə bəxş etdiyin ayrılıq qəmi
Sızlayır alnımın qırışlarında.

Gərək çıxmayaydın yoluma bir də,
Kaş elə qalaydın dünənimdə sən.
Söylə necə dözüm sən boyda dərdə,
Necə zənn eləyim dünənimdəsən?!

Azərbaycan.Quba.
09.07.2000.