rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

H.Cavidin ev muzeyini ziyarət edərkən Ulu öndər tərəfindən onun nəşini Vətənə gətirənlərin onun məzarı önündəki şəkli və muzeydə qorunan 59 №-li taxta məzar nişanəsini seyr edərkən.

Bir şəklin önündə durmuşam səssiz,
Hissim, duyğularım kükrəyən dəniz.
Xəyallar götürür keçmişə məni,
Titrəyir qəlbimin qürur yelkəni.
Hayqırır şəkildən qorxulu illər,
Xəyanət, haqsızlıq, o qanlı əllər.
Cəllad NKVD, zalım Mircəfər,
Həbslər, işgəncələr, qan, sürgün, nələr…
Tablo silkələnir, Sibir küləyi,
Üşüdür qəlbimdə arzu, diləyi.
Düşüb qanadından birdən xəyalın,
Qanlı Tayqadayam mən ayaqyalın.
Kədər iyi verən qoca məzarlıq,
Gözlərim önündə durur bir anlıq.
Bir məzar görürəm məzlum, biçarə,
Taxtadan başdaşı üstə işarə.
Əlli doqquz sayı qazılıb orda,
Yurdun Əfəndisi uyuyur burda.
Bəs necə sığışıb bu soyuq qəbrə,
Nifrətlə baxıram buzlu Sibirə.
Kəhkəşana sığmaz ülvi duyğular,
Bu kiçik məzara de necə sığar?
Ürəklər dağlayan qərib mənzərə,
Baxın, yaraşırmı heç Səməndərə?
Necə qıydın fələk, söz sultanına?
Gör necə dağ çəkdin Azərbaycana.
Məhv etdin ədalət mücəssiməsin,
Şeirin, sənətin uca zirvəsin.
Paslanmaz qızıltək heç vaxt həqiqət,
Sonda qalib gələr düzlük, sədaqət.
Zaman oyun oynar bəzən ikili,
Əsrdən çox bildik o qırx beş ili.
Öndər gediş etdi mat oldu zaman,
Cavidi vətənə gətirdik aman!
İlahi ədalət tapdı yerini,
Günəşin çöhrəsi yenidən-yeni.
Torpaq qucaqladı müqəddəs nəşi,
Sənə minnətdarıq Yurdun Günəşi!