Xalq şairi Zəlimxan YAQUB.”Mən hardan bilərdim şairlik nədir?”

Keçilməz dərələr keçilməsəydi,
Aşılmaz zirvələr aşılmasaydı,
Yeldən qanad alıb, seldən güc alıb,
Ruhum küləklərə qoşulmasaydı
Mən hardan bilərdim şairlik nədir?

Torpaqdan, toxumdan, dəndən gəlməsəm,
Qurandan, kitabdan, dindən gəlməsəm,
Dərdi çoxalanda yerdəkilərin
Göylərə saldığı gündən gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?

Minadan gəlməsəm, Turdan gəlməsəm,
Allahın verdiyi nurdan gəlməsəm,
Sinəmi saz edib, əlimi mizrab,
Qopuzdan, Qorquddan, qordan gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?

Gedir qismətinə, bəxtinə sarı,
Yorulmur qarışqa, dincəlmir arı.
Qəlbimi riqqətə gətirməsəydi
Ana təbiətin yaratdıqları,
Mən hardan bilərdim şairlik nədir?

Fələklər sirdaşı, mələklər yarı,
Hər misra şairin sərvəti, varı.
Qulaq eşitməsə, könül duymasa
Göylərdən süzülən pıçıltıları,
Mən hardan bilərdim şairlik nədir?!