Tanrının sözünə dirsəklənmişəm,
Söz – yaşıl yamacım, söz – talam mənim.
Yeddidən yetmişə rəngi gözümdə,
Söz – gülüm, gülşənim, söz – lalam mənim.

Dilimdə ilk kəlmə dinəndən bəri,
Söz oldu ömrümün sərvəti, zəri.
Mənəm sərkərdəsi, mənəm əsgəri,
Söz – daşım, divarım, söz – qalam mənim.

Yoğurdum, başımda ağıl elədim,
Dastana çevirdim, nağıl elədim.
Böyütdüm, bəslədim, oğul elədim,
Mən sözün anası, söz – balam mənim.

28 yanvar 2005