Xalq şairi Zəlimxan YAQUB.”Şair qələmiylə işin olmasın!”


Bir nadanın atdığı daşa cavab

Mənə o qələmi nə sənin dədən,
Nə vəzir, nə vəkil, nə də şah verib.
Ona söz atmasın hər gəlib gedən,
Onu Zəlimxana bir Allah verib.

Yaz deyib sevinci, yaz deyib qəmi,
Fitnəyə verməyib, fəndə verməyib.
Allahdan almışam mən o qələmi,
Mənə o qələmi bəndə verməyib.

Qələm sındırmağa yaranmamışam,
Hünərin çatırsa, gəl, sındır onu.
Əgər bacarırsan, tək bircə axşam
Yazmaq həvəsindən daşındır onu.

Qələmin dünyası ocaqdı, pirdi,
Qələm sındıranlar şümürdü, bala.
Bu nifrət nə zaman qəlbinə girdi,
İçini nə zaman gəmirdi, bala?


Baxdım bostanıma atılan daşa,
Əl sənin əlindi, daş sənin deyil.
Gülməli səhnədi, qəmli tamaşa,
Ağıl özgənindi, baş sənin deyil.

Sən daş at, mən sənə pambıq atacam,
Yaralı canımı daş ağrıtsa da.
Boş dedi-qodular gəldi-gedərdi,
Könüllər sındırıb, baş ağrıtsa da.

Səni kim bu yola çəkib, aparıb,
At getsin, fırlansın, daş ona dəysin.
Sonradan başıma qaxınc etdiyin
Əvvəlki sevgin də başına dəysin.

Haqqın qəzəbinə gələrsən, bala,
Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb.
İmrələr sözüylə çatıb vüsala,
Hər ulu kişiyə bir əsər yazıb.

Hər sevgi, hər barış bir yeni dastan,
Nifrət qəzəblərə, nifrət kinlərə.
Bu qələm dərs alıb Dərviş Yunusdan,
Bu qələm yas tutub “Didərginlər”ə.

Ey qələm sındırmaq istəyən naşı,
Allahın danışan dilidir qələm.
Şairin əlində od parçasıdı,
Cahilin əlində ölüdür qələm.

Fərhad külüngüdü Şirin yolunda,
Hasardı, qaladı şərin yolunda.
Can verib ocağın, pirin yolunda,
Ulu ustadların yoludur qələm.

Göydə bir mələkdi, yerdə pəridi,
Yanan üfüqlərin parlaq zəridi.
Coşanda Koroğlu dəliləridi,
Sevəndə Məcnuntək dəlidir qələm.

Dərvişdi, ozandı, eldi, aşıqdı,
Yaradan əllərə bir yaraşıqdı.
Harda qaranlıq var, orda işıqdı,
İnsanın xilaskar əlidir qələm.