Müsahibimiz haqqında qısa bilgilər
Qafqaz Əvəz oğlu Dəmirov 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.
1968-ci ildən dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunur. “Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-ictimai birliyi”nin təsisçisi və sədri, “Sözün Sehri” qəzetinin təsisçisidir. Ədəbi fəaliyyətinə görə “Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır. Bir çox “Diplom” və “Fəxri Fərman”larla təltif olunmuşdur. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Baş redaktorudur. Bir neçə şeir və publisistik kitablar müəllifidir. Qarabağ müharibəsi veteranıdır.
1. Qafqaz müəllim, ədəbi-bədii yaradıcılığa neçənci ildə hansı yazı ilə başlamısınız?
– 1968-ci ildə Qubadlı rayonunda çıxan “Avanqard” qəzetində dərc olunan “Ana” şeiri ilə başlamışam.
2. Dövri mətbuat səhifələrində dərc olunan ilk mətbu əsəriniz hansıdır?
– “Ana” şeiridir.
3. İlk kitabınız neçənci ildə harada dərc olunub və necə adlanır?
– İlk kitabım 2004-cü ildə “MBM” mətbəəsi tərəfindən dərc olunan “Ey Vətən oğlu” adlanır. Müxtəlif illərdə yazdığım şeirlərdən ibarətdir.
4. Rəhbərlik etdiyiniz “Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-ictimai birliyi”nin yaranıb fəaliyyət göstərməsində əsas məqsəd və qarşıda duran vəzifələr nədən ibarətdir?
– İlk növbədə, fürsətdən istifadə edib bu Birliyin yaranmasında etdiyi köməkliyə və dəstəyə görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənam Malik İsaqova və “Xalq yazıçısı S.Rəhimivun ev muzeyi”nin direktoru Aqil Rəhimova öz dərin minnətdarlığımı bildirirəm! Birliyin yaranıb fəaliyyət göstərməsində əsas məqsəd isə ədəbiyyatımızda gənc yazarların ədəbi-bədii nümunələrinin, poeziya örnəklərinin, məqalələrinin ictimaiyyətə çatdırılması və bu sahədə onlara dəstək olunmasıdır.
5. “Sözün Sehri” qəzeti haqqında oxucularımıza məlumat verə bilərsinizmi?
– Əlbəttə. Birliyinin mətbu orqanı olan “Sözün Sehri” qəzeti 2011-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Ayda bir dəfə 16 səhifə olmaqla, 1000 tirajla buraxlır. Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən qonşu dövlətlərə – Türkiyə Respublikasına, İran İslam Respublikasına, Rusiya Federasiyasına, Gürcüstan Respublikasına göndərilir. Xarici ölkələrdə yaşayan həm azərbaycanlı, həm xarici vətəndaşlar şeirlərini, məqalələrini mətbu orqanın səhifələrində dərc olunmaq üçün göndərirlər. Biz də öz növbəmizdə böyük məmnuniyyət hissi ilə dərc edirik. Yeri gəlmişkən, gərgin və səmərəli işlərinə görə redaksiya heyətinə minnətdarlığımı və təşəkkürümü bildirirəm. Qardaş Türkiyənin Toqat və Ankara şəhərlərində ədəbi-bədii yaradıcılıqla məşğul olan türkiyəli yazarlarımızın yazıları mətbu orqanımızın səhifələrində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılır. Eyni zamanda Kərkükdən də yazılar redaksiyamıza məktub formasında internet vasitəsilə daxil olur. Mətbu orqanımız dərc olunan zaman Türkiyənin Toqat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğine, Ankara şəhərində isə Selcuk Universitetinə, Yıldırım Beyazid Universitetinə göndərilir. Təhsil və digər müəsissələr ilə sıx əməkdaşlıq əlaqələri salxlayırıq. Ən çox bizimlə sıx əlaqədə olan Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyətidir.
Qəzetimiz Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlar arasında Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc yazarlara dəstək”, “Bölgə yazarlarına dəstək”, “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği” lahiyələrini dəstəkləyən yeganə mətbu orqandır. Mətbu orqanımız xeyriyyəçi kimi fəaliyyət göstərir. Satışı yoxdur, pulsuz paylanır.
6. 1993-cü il avqustun 31-də Qubadlının Erməni silahlı qüvvələri tərəfindən işğalından sonra Azərbaycanın hər bir istedadlı yazarı kimi sizin də bu haqda şeirləriniz, məqalələriniz dövri mətbuat səhifələrində dərc olundu. Həmin illərin ağrılarını, həsrətini özündə cəmləşdirən kitabların ərsəyə gəlməsində, təbii ki, sizin həyat təcrübəniz sizə daha yaxından köməklik etdi. Qubadlı ilə bağlı qələmə aldığınız şeirlərin əsas qayəsində doğma Qubadlı həsrətinin durmasının başlıca səbibi?
– Əvvəllər güldən, çiçəkdən və s. yazırdımsa, nəinki doğma Qubadlımız, digər rayonlarımız da Erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra şeirlərimin mövzu obyekti tamam dəyişdi. Qəm, kədər, vətən həsrəti, yurd sevgisi, çağırış kimi motivlər ön plana keçdi. Hətta vaxtilə torpaqlarımızın Ermənistana, Gürcüstana, Rusiyaya, İrana verilməsi və yaxud işğalı digər vətənsevərlərimiz kimi, mənim də içimdə dərin niskilə çevrilib, kök salıb.
7. Həm Bakı, həm Sumqayıt şəhərlərində, bəm də bölgələrdə yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarların ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri Birliyin mətbu orqanı olan “Sözün Sehri” qəzetində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılır. Təbii ki, Çağdaş Azərbaycan Ədəbi Mühitində “Gənc yazarların ədəbi-bədii nümunələrinin ictimaiyyətə çatdırılması” layihəsini ilk dəfə olaraq siz həyata keçirirsiniz. Layihəni həyata keçirməkdə əsas məqsədiniz?
– Layihəni həyata keçirməkdə əsas məqsədimiz gənclərimizi vətənə sevgi ruhunda böyütmək, yeni gənc yazarlar nəslini formalaşdırıb, inkişaf etdirib ictimaiyyətə tanıtdırmaq, daha doğrusu, ictimaiyyət arasına çıxarmaq, istedadlı gənc yazarlar haqqında bilgiləri Çağdaş Azərbaycan ədəbi mühitində yaymaq, gənc yazarları ədəbi-bədii yaradıcılığa ruhlandırmaq, sevinclərini görüb daha da fəal ictimai həyata qoşulmaqda kömək olmaq.
8. Birliyin fəal üzvləri sırasında ədəbi-bədii nümunələri, poeziya örnəkləri, məqalələri sizi qane edən yazar hansıdır?
– Ad çəkmək istəməzdim. Çoxdu…
9. Birlik qarşıdakı günlərdə hansı yenilikləri həyata keçirməyi planlaşdırıb?
– Birlik orta məktəblərdə, hərbi hissələrdə, bölgələrdə görüşlər keçirmək, hətta yaxın günlərdə Rusiya Federasiyasına və Gürcüstan Respublikasına səfər edib soydaşlarımızla görüşlər keçirməyi planlaşdırır.
10. Ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlara məsləhətiniz nə olacaq?
– Gənc yazarlara təkrarçılığa yol verməməyi, yenilik axtarmağı, müsbət mənada həyatın nəbzini tutmağı, oxucu rəğbətini qazanmağı məsləhət görərdim.
11. Mətbu orqanınızın səhifələrində ədəbi-bədii nümunələri, poeziya örnəklərini dərc etməmişdən öncə hansı məqamlara daha çox diqqət yetirirsiniz?
– Mətbu orqanımızın səhifələrində siyasi məqamlara yol verilmir. O ki qaldı mətbu orqanımızın səhifələrində daha çox gənc yazarları maraqlandıran yazılara – torpaq həsrəti, vətən sevgisi və s.
12. 2011-ci ildən rəhbərlik etdiyiniz bu Birliyə axın varmı?
– Əlbəttə, var. Həm Bakı, həm Sumqayıt, həm də Azərbaycanın digər bölgələrindən olan yazarlar da ədəbi birliyimizə üzv olmaq üçün müraciət edirlər. Biz də öz növbəmizdə bacardığımız qədər köməkliyimizi əsirgəmirik. Ədəbi birliyimizə üzv qəbul olunan həmin yazarların yazılarını mətbu orqanımızda dərc edirik.
13. İctimai fəaliyyətlə məşğul olan kəslərdən ədəbi birliyinizə üzv olanlar varmı?
-Əlbəttə, var!
14. Ədəbi-bədii yaradıcılığınızda son zamanlar hansı yeniliklər olub?
– Son zamanlar müxtəlif mətbu orqanların səhifələrində şeirlərim və məqalələrim dərc olunur. Müxtəlif illərdə yazdığım şeirlər Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edilərək dərc olunmaq üçün Qardaş Türkiyədə fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinin mətbu orqanı “Kümbet” dərgisinə göndərilib. Üç kitabım nəşrə hazırlanır.
15. Gənc yazarlara dəstək olmaqda hansı hissləri keçirirsiniz?
– Təbii ki, hər bir azərbaycanlı yazar kimi, mən də öz növbəmdə yetişməkdə və formalaşmaqda olan gənc yazarlara dəstək olmaqdan məmnunluq hissi duyuram.
16. 2012-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən “Bölgə yazarlarına dəstək” layihəsi həyata keçirildi. Həmin layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlar haqqında bilgilər toplandı. Sonra həmin bilgilər gənc yazarların özgeçmişi ilə birgə “Bölgələrdən Səslər” kitabında toplandı. Həmin kitaba rəhbərlik etdiyiniz Birliyin üzvləri Kamran Şeyxzamanlı və Zaur Muradsoyun da özgeçmişləri, şeirləri dərc olundu. Həmin gənc yazarlar haqqında olan bilgilərin kitaba daxil edilib ilk dəfə olaraq respublika səviyyəsində ictimaiyyətə çatdırılmasında sizin də rolunuz çox oldu. Adlarını sadaladığım gənc yazarların sizin bu humanist hərəkətinizə münasibətləri necə oldu?
– Təbii ki, hər bir yaxşı yazara köməklik mənim ümdə borcumdur. Həm Kamran Şeyxzamanlı, həm də Zaur Muradsoy bu xəbəri eşidən kimi sevindilər. Həmin kitabda dərc olunmaq üçün haqlarında olan bilgiləri göndərdiyim üçün təşəkkür etdilər.
17. Ulu Tanrıdan Azərbaycan xalqına arzunuz nə olacaq?
– Ulu Tanrıdan Azərbaycan xalqına xoşbəxtlik, səadət, işğal altında olan torpaqlarımızın geri qaytarılmasını və bir yumruq kimi birləşməsini diləyirəm.
18. Sonda hansı şeirlərinizi əziz oxucularımıza ərmağan etmək istərdiniz?
– Bir zaman doğma Qubadlımız haqqında yazdığım şeirlərdən birini və rayonumuzun işğalından sonra yazdığım yurd həsrətli şeirlərdən də bir neçəsini sizə təqdim edə bilərəm:

QUBADLIMIN

1988-ci ildə, Mingəçevirdə yaşayan, Qubadlıda bir dəfə də olmayan dostum Avasət məktubunda yazmışdı: “Qubadlıya gəlmək istəyirəm, Qubadlı gözəldimi?..” Və belə cavab vermişdim:

Qubadlı gözəlmi?! – soruşan dostum,
Bir başqa büsatı var Qubadlımın!
Qışı da gözəldi, yazı da gözəl,
Özün gəl, hüsnünü gör Qubadlımın!

Buludlar “Hərtiz”i, “Səngər”i öpür,
Həkəri, Bərgüşad çağlayıb ötür.
Tələs, əziz dostum, tez ayaq götür,
Özünü çölünə vur Qubadlımın!

Dağlardan seyr eylə gen dərələri,
Laləli, nərgizli biçənəkləri,
Qalxıb bələnləri, aş gədikləri,
Düzündə köhlənin yor Qubadlımın!

Bərabər baş çəkək biz oymaqlara,
Dönək meşələrə, buz bulaqlara…
Qulluq eyləmişik çox qonaqlara,
Olmarıq gözündə xar Qubadlımın!

Mərdi-mərdanədir oğulu-qızı,
İtirməz kəsdiyi çörəyi-duzu.
Bizə qonaq gələn getməz narazı,
Bal dadar qoynunda şor Qubadlımın!

Nəbisi, Həcəri dillər əzbəri,
Bizlərin himnidir illərdən bəri.
Dünyaya verdiyi şəxsiyyətləri,
Ediblər adını car Qubadlımın!..

Gəl ki Əvəzoğlu sevinsin-gülsün,
Sənin qulluğunda o ki var dursun…
Amma bir arzum var, gözündən olsun,
Kim baxsa hüsnünə xor Qubadlımın!!

1988

QİSMƏTİM OLSUN

Gözüm o dağlara calanıb, Allah,
Dumanı – qəhərim, çəni – göz yaşım!
İçimdə bir ocaq qalanıb, Allah,
Qurum dura-dura alışır yaşım!

İçimdə bir ocaq qalanıb, Allah,
Tüstüsü burulub təpəmdən şıxır.
Odu bir yanadır, közü bir yana,
Külünü qaldırıb gözümə soxur!

İçimdə bir niskil yurd salıb, Allah,
Qışı qərar tutub, yazı dolanmır.
İndi yetim qalan gör neçə kəndin,
Ocağı çatılmır, çırağı yanmır!

İçimdə bir məzar boylanır, Allah,
“Hərtiz”im, “Səngər”im başdaşlarıdı.
Kükrəyən Bərgüşad, coşan Həkəri,
O viran yurdların göz yaşlarıdı!

İçimdə bir həsrət göyərib, Allah,
Bu gələn karvanım dönmədi geri.
Düşən yuvasından pərən durnanın,
Naləsi tutmadı bu göyü, yeri!

Eylə ki, qismətim qoy olsun, Allah,
Bir də o yerlərlə mən qucaqlaşım.
Eylə ki, qismətim qoy olsun, Allah,
Dərəsi – məzarım, dağı – başdaşım!!

2005.
DƏLİ KÖNÜL

Dəli könül, necə gülüm-sevinim,
Qatan qatıb, zəhər töküb şiləmə!
Bir tərəfdən zalım fələk budayıb,
Sən də düşüb bir tərəfdən şiləmə!

Nə umursan yurd-yuvsı talandan,
Hər şər vaxtı didələri dolandan.
Dərdim azmı, sən də düşüb bu yandan,
Yetim qalmış quzu kimi mələmə!

Kaş meh olub o dağlara bir əsəm,
Yurd-yuvamı dolaşmağa tələsəm.
Yurd həsrətli bir quruca nəfəsəm,
Bir sağ ikən şikəstəm ə, şiləm ə!

An demədim yurdsuz keçən hər ana,
Oğul gərək dərdlərimə dayana.
Dərdi söylə dərd bilənə, qanana,
Hər yetəndən dərdə dəva diləmə!

Yurd-yuvasız keçən ömür şən olmaz,
Namərd olan mərd dərdinə tən olmaz.
Hər dərd bölən Qafqaz üçün sən olmaz,
Bir dəryayam, bütöv dərdəm – siləmə!!

2005.

BATIRAM İÇİMİN HIÇQIRIĞINDA

Yenə xəyallarla mən başıdaşlı,
Qopub öz içimdən uzaqlaşmışam.
Ürəyim ağrılı, gözlərim yaşlı,
Gedib o yerlərlə qucaqlaşmışam!

Gümanın itirmiş yalquzaq kimi,
Düşüb dolaşıram viran yurdları.
Gəzirəm yad kimi, bir uzaq kimi,
Bir vaxt növrağımı quran yurdları!

Gah “Qara qaya”da, gah “Ağ qaya”da,
Keçən günlərimin sorağındayam.
Gah “Qlzıl qaya”dan boylanıb, ya da,
Çağlar Bərgüşadın qırağındayam!..

Baxıram hər tərəf yesirdən yesir,
Möhtacdı qayası, daşı sığala.
Nə Babək görükür, nə də Cavanşir,
Nə də ki, Koroğlu – qılıncın çala!

Axır gözlərimdən yaş gilə-gilə,
Batıram içimin hıçqırığında.
Gəzdirə bilsəydik qalmazdıq belə,
Vətən qeyrətinin bir qırığın da!!

2006.

YADIMA DÜŞÜBDÜ

Yurd-yuvamda keçirtdiyim hər günüm,
Ötüşən il, ay yadıma düşübdü!
Bir səs olcaq ayağından başacan,
Kəndə düşən hay yadıma düşübdü!

İşdən-gücdən yorğun-arğın qayıdıb,
Dincələrdik körpələri oynadıb.
Qapımızda samavarı qaynadıb,
Dəmlədiyim çay yadıma düşübdü!

Neçə vaxtdı bir dərd əyib qəddimi,
Bölə bilmir köhnə qonşum dərdimi.
Düşünürəm viran qalan kəndimi,
Başdan-başa tey yadıma düşübdü!

Demə orda yaşamışıq bəy kimi,
İndi burda dolaşırıq səy kimi…
El yığışıb götürdüyü toy kimi,
Qapımdakı vay yadıma düşübdü!

Ov etdiyim dərələrdə hənirti,
Kol dibindən qopartdığım göyərti,
Hərlədiyim yeddi nömür kərənti,
Qatladığım lay yadıma düşübdü!

Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
Hardan alım Qoç Nəbini, Həcəri?!
Göz yaşımdı Bərgüşadla Həkəri,
Baş vurduğum çay yadıma düşübdü!

Kəndimizdə “toybaşı”ydı üç nəfər,
Həsənalı, Həsənqərə, Qəzənfər…
Qara zurna nazlanardı bəxtəvər,
O “Yallı”lı toy yadıma düşübdü!
(Bu bəndi lazım olsa çıxarsan)

Gül açmadı ta Qafqazın dediyi,
Zəhər oldu neçə vaxtdı yediyi…
Qonşuların qonşulara verdiyi,
Göndərdiyi pay yadıma düşübdü!!

2005.