RUHUM, XOŞ GƏLDİN, XOŞ GƏLDİN

Haçandı quru cisməm mən,
Ruhum, xoş gəldin, xoş gəldin!
Yaşaram tam yox, qismən mən,
Ruhum, xoş gəldin, xoş gəldin!

Məni mən qədər anlayan,
Bəzən ərk ilə danlayan,
Sən dərya, mənsə damlayam,
Ruhum, xoş gəldin, xoş gəldin!

Ömür fani, yaşam yalan,
Sən quru, mən yaşam – yanan.
Sənsiz qara daşam, inan,
Ruhum, xoş gəldin, xoş gəldin!

Saçımdakı dəni sevdim,
Gözümdəki çəni sevdim,
Təkcə səni, səni sevdim,
Ruhum, xoş gəldin, xoş gəldin!

KAMIL BİR İNSANDİ ƏBÜLFƏZ ÜLVİ

İstedadlı şair, dostum, qardaşım Əbülfəz Ülviyə

Haqqa kəc baxanın kor olar gözü,
Şər dərs şər gətirər, ülvi dərs ülvi.
Tanrısız olanın sevilməz sözü,
Tanrıdan gələnlər müqəddəs, ülvi.

Dedin gül göyərməz qanqal içində,
Di gəl bu hikməti qan, qal içində,
Şişə çəkilərəm manqal içində, –
Olmasa içimdən qopan səs ülvi.

Doğulduq, dünyanı, aləmi gördük,
Neçə dərdi gördük, ələmi gördük,
Əlinə alandan qələmi gördük,
Qələm sahibində bu həvəs, ülvi.

Qopdu Əlincədən Nuhun tufanı,
Ərzi lərzə saldı bu hun tufanı,
Şerin tufanıdı ruhun tufanı,
Gətirər özüylə o, nəfəs ülvi.

Şeirdən alınmaz qala yaratdı,
İstədi əbədi qala, yaratdı,
Demirəm Sokratdı, Hippokratdı, –
Kamil bir insandi Əbülfəz Ülvi.