Abdulla MƏMMƏD.”Babadağ”

abdullamuellim

Qarlı cığırları qoynuna salıb,
Dərin fikirlərə dalıb Babadağ,
Çay ilə sürünüb gələn dumandan,
Çiyninə yapıncı salıb Babadağ.

Gündüzlər əlləri Günəşə çatır,
Gecələr köksündə Ay ocaq çatır.
Qoynuna sığınan murada çatır,
İnsana ümidgah olub Babadağ.

Papağı buluddan, saçları qardan,
Görmədim heç belə dağ, saç ağardan!
Ayırır buludu-ağı qaradan,
Göyləri çiyninə alıb Babadağ.

Ulular ulusu, dağlar dağıdır,
Dərdi də udanda dağım dağ udur.
Bilirəm-köksünü həsrət dağıdır,
Gözün Savalanda qalıb, Babadağ.

Ucalıq görmədim Babadağ kimi,
Durur gözlərimdə babam dağ kimi.
Gəl öpüm üzündən, babam, dağ kimi,
Dağ kimi qüssəni alıb Babadağ.

Mən də bir övladın, mən də bir dağın,
Mənə də yer eylə qoynunda, dağım.
Dağıdıb dumanı hey dağım-dağım,
Qolumu boynuna salım, Babadağ!

Azərbaycan.Quba.
Qarxun kəndi 1990.