Polad Sabirli

Özünə çıxmırsan yiyə, ürəyim

Hər vaxt duaçıyam uca Allaha,
Ayaq qazıyanlar uzaq olaydı.
Mənim təmiz adım hər şeydən baha,
Təkcə özü mənə dayaq olaydı.

Çəkdiyim acını qüdrətimlə mən,
Gizli saxlamışam gülüşlərimdə.
Hər kəsə qayğımla, diqqətimlə mən,
Nümunə olmuşam hər işlərimdə.

Düşmən hiyləsindən qorxmuram qəti,
Dost kimi üzümə güləndən aman.
Malımı tən yarı böldüm xəlvəti,
Ürəyi yarıya böləndən aman.

Kiminin başını dili saxlayır,
Kimininsə dili başından yekə.
Səhv meydan sulayır, doğru laxlayır,
Qalmışam haqq yola göz dikə-dikə.

Sözün yollarında azmamaq üçün,
Həyəcan içində azan da mənəm.
Gözüm yuxu şeirin yazmamaq üçün,
Şerini gecələr yazan da mənəm.

Könül dincliyimə etibarsızam,
Mənə etibarlı olsunlar deyə.
Gözüm, könlüm toxdur ixtiyarsızam,
Sanki,imarətdir qurduğum dəyə.

Çox da narahatam, dolmuşam yaman,
Elə savaşdayam özüm-özümlə.
Qəzəbdən gözümü tutubdu duman,
Amma gələn də var mənim izimlə.

Dərim boğazımdan çıxmayaydı kaş,
Canım boğazımdan çıxınca mənim.
Heç kim bu halıma etməsin təlaş,
Bu günə örnəkdi sabah – dünənim.

Mənə yaşamağa mane olursan,
Belə incidirsən niyə,ürəyim?!
Hamının halına çox acıyırsan,
Özünə çıxmırsan yiyə, ürəyim.

Çiçək bitirdi daşım

Naxış vuran vaxtı dəmbədəm – sözə,
Çəkmək istəmirəm nəfəsimi mən.
Dursa da mənimlə çoxu göz-gözə,
Öz içimdə boğdum həvəsimi mən.

Təkbətək qalanda özüm-özümlə,
Təkcə şeirlərim oldu həmdəmim.
Çoxları var yığır düzüm-düzümlə,
Mənimsə şeirdi, sözdü məlhəmim.

Kinayə atmadım, eyham etmədim,
Qovruldum qorğatək sac üstə yandım.
Özgə qapılarda gedib bitmədim,
Həqiqət yolunda haqqla dayandım.

Macalım olmadı qaldım sərgərdan,
Kim mənə nə verdi, nədə ki,ala.
Vəfadan savayı nə umdum yardan?!
Mən ki,önəm verdim əqlə,kamala.

Ailə kişinin namus, qeyrəti,
Kişini ucaldan, yıxan da qadın.
Mən eşqin yolundan dönmərəm qəti,
Ömrə günəş kimi çıxan da qadın.

Eşq üçün əridim mən gilə-gilə,
Başıma tac oldu ömür yoldaşım.
Poladdan betərin görmədim hələ,
Yarı sevdim, çiçək bitirdi daşım!

15.07.2016.