rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

YAVAŞ- YAVAŞ

“Könül dəftərim silsiləsindən”

Axdı qəlbdən dilə, bir neçə kəlmə,
Söyləyim, qulaq as, sən yavaş- yavaş.
Toxunur könlümə qəm ilmə- ilmə,
Dərddə qərq oluram, mən yavaş- yavaş.

Diləklər,duyğular, hisslər dum- duru,
Zaman alazlayır əqli, şüuru.
Qürub Günəş kimi gözümün nuru,
Ələnir saçıma, dən yavaş- yavaş.

Artıq söz dinləmir vücud, qamət də,
Əllərim, ayağım donub heyrətdə.
Dadıma çatmayır hünər, qeyrət də,
Bitir dəyirmanda ,dən yavaş- yavaş.

Yaxamdan əl çəkmir dərd, bəla, qada,
Gərəksiz olmuşam qohuma, yada.
Xəyal da, güman da, çatmayır dada,
Itir zehin, yaddaş, zənn yavaş- yavaş.

Ümidim, pənahım,tək Ulu Rəbbim,
Ey Dövran,Onunçün döyünür qəlbim.
Allahın lütfüdür ilhamım, təbim,
Çəkilsin başımdan, çən yavaş- yavaş…

YAZIQ ŞEYTAN

Rəbb bəxş edən ömürü,
Insafsızca taladıq.
Şeytanmı verdi əmri?
Suçu- suça caladıq.

Çox vaxt səbəb tapıldı,
Dedik ,-nadan olmuşuq.
Şeytana şər atıldı,
Dedik,,- ona uymuşuq.

Hər günaha baş vurub,
Etdik,- ”lənət şeytana”.
Şər əməldən tor qurub,
Onu gətirdik çana.

Dolayaraq barmağa,
Biz şeytanın zəncirin.
Saldıq tora, qarmağa,
Öyrəndik şərin sirrin.

Düşübdür ixtisara,
Yazıq şeytanın işi.
Qalıb ağlar, biçara,
Kimsəyə batmır dişi…