Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

qsm

* * *

Könlüm yenə dövranın əlindən fəğan eylər
Dövran isə öz zülmünü hər bir zaman eylər

Bülbül kimi gül eşqinə min nəğmə dedim mən
Hər kəlməsi qəmginləri çox şadiman eylər

Haqq aşiqitək əhli qələm içrə yerim var
Bilməm ki , kimə yazdığım əşar ziyan eylər

Gördüm bu fəqir məmləkəti ahü zar ilə
«Xoşbəxt gələcək tez gələcək» bir güman eylər

Aciz və zəlil millətitək binəva Qalib
Düşmən komasın zillət ilə xaniman eylər

* * *

Ayrılıqda çəkirik «ah» sən bir cürə, mən bir cürə
Yuxusuz acırıq sabah sən bir cürə, mən bir cürə

Nədən oldu bu ayrılıq, nədən düşdü aralığa
Usanmadan etdik günah sən bir cürə, mən bir cürə

Razi dilim əyan oldu, xəbər tutdu bütün cahan
Әbəs pünhan tutduq vallah, sən bir cürə, mən bir cürə

Yara vurub qəlbimizə zalım, amansız ayrılıq
Әriyərik in şə Allah sən bir cürə, mən bir cürə

Alıbdır eşq əqlimizi, ikimiz də divanəyik
Şükür, olduq eşqə ürcah sən bir cürə, mən bir cürə

İnciyərək yar yarından öz həyatın puç eyləyər
Qəhr ilə olluq Mehrü Mah sən bir cürə, mən bir cürə

Әziyyət çək, Qalib deyir, baş hərflərə sal nəzər
Məhəbbətlə olaq gümrah sən bir cürə, mən bir cürə