BİRDƏMİ GƏLSİN

Uydum ulduzların ən qəlbisinə,
Çətin bu ulduzla bu qəlb isinə,
Nə qədər gəzdirsin daş qəlbi sinə? –
Nə qədər dözsün ki, bir dəmi gəlsin?!

Uçurdun komanı dərdin əliylə,
Nə əkdin, özgənin dərdin əliylə,
Fələkdən kənar dur – derdin, – əliylə
Yaxandan tutmağa birdəmi gəlsin?

Gör neçə il uyduq yada, oynadıq,
Aldanıb bir quru ada, oynadıq,
Yetər, “do”da çaldıq, “fa”da oynadıq,
Dünya dağılmaz ki, bir də “mi” gəlsin!

GÖZƏL, NƏ GÖZƏL…

Çarıq geyib, düşdüm yola, gedirəm,
Heç baxmadan sağa, sola, gedirəm,
Qırx budaqlı ağac* ola, – gedirəm,
Altının gölgəsi gözəl, nə gözəl!

Ozanlar axışıb gələ dalımca,
Nadanlar baxışıb gülə dalımca,
Xaqanlar yığışıb gələ dalımca, –
Metesi, Bilgəsi gözəl, nə gözəl!

Sel çəkilə, lax durula qəlblərdə,
Haqq əliylə baxt qurula qəlblərdə.
Eşq adında taxt qurula qəlblərdə,
Əhd-peyman bəlgəsi gözəl, nə gözəl!

Köksümün altında alışan köz var,
Hələ yol gözləyən gör neçə söz var,
Eşqimi bir qıza eylədim izhar,
Zalımın “bəlkə”si gözəl, nə gözəl!

Saflıq, paklıq dində ola – öyünək,
Tabaqlarda kündə ola – öyünək,
Yalan, riya gendə ola – öyünək, –
Deyələr ölkəsi gözəl, nə gözəl.

* 4o dil, ləhcə və ya şivədən ibarət Türk dilləri ailəsi nəzərdə tutulur

***

Onun ağlı topuğunda,
bunun hörükləri.
İkisinə də baxanda
ürəyim körüklənir.
Biri yanğını artırır,
Biri sərinlik gəririr.
Allah, Allah,
nə gözəl olurmuş
atəşin gətirdiyi
sərinlik ətri.

***

Mən həp səni
ağlı başında olan
birinə bənzətdim,
Sən də həp
ağlı başında olan
birinə
bənzəyərək qaldın, –
Heç ağlı başında olmadın.

Yola ver

Kül olsun oğul başına,
Girələ, günü yola ver.
Hər axşam gələn sabahı
Kirələ, günü yola ver.

Dərd səni çıxarmaz dağa,
Öyrəşməyib bu üz ağa,
Vücudundan sola, sağa
Kir ələ, günü yola ver.

Az gözlərə torpaq ələ,
Həqiqətə tor bax hələ,
Tanrım, bunu torpaq ilə
Bir elə, günü yola ver.

HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ

Yerdən-göydən əllərini üzüb,
ümidin ətəyindən yapışanların
sayı çoxaldıqca,
Hər gün bir ilmə də süzülür
ümidin ətəyi.
Bir soran tapılmır ki,
bu əllərin bu ətəkdə ölümü nə?! –
Beləcə fərman verilir
ümidlərin ölümünə.
“Ən son ölən ümidlərdir” deyiminin
həqiqət olduğuna inansaq,
Demək ki,
sonu yaxınlaşır hər şeyin,
Sonu yaxınlaşır
içimizdəki sevgilərin,
pisliklərin, kötülüklərin.
Sonu yaxınlaşır
cəllad baltalarının,
Üstündə çubuq döğranan
kötüklərin –
Bir sözlə, sonu yaxınlaşır
dünyanın.
Allah-taalanın işi başından aşacaq
innən belə,
Daha heç kim
mühakimə edə bilməyəcək
Uca Yaradanı,
Düşük-düşük
danışa bilməyəcək
Qurandan belə,
dinnən belə….
Hamı saman çöpü kimi
Haqq divanina yığışacaq,
Mütləq hakim isə – O!
Hələ iynənin ucu boyda olsa da
ümid qalıb, –
Heç kimin ümidini öldürməyin,
arkadaşlar!
Heç olmasa özünüzə yazığınız gəlsin…

SƏN YER ADAMI DEYİLSƏN

Özün şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat səni düşürməsin,
Heç zaman gözündən, gözəl.

Bu necə bir gözəllikdi? –
Eşqə sığışdırmaq olmur.
Üzündən süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.

Baxırsan həyat dolusu,
Qadınsan – adın üstündə.
Yıxılır evi baxanın,
Kül olur odun üstündə.

Yığış, tez get buralardan,
Sən yer adamı deyilsən!
Gəlişinlə yer üzünü
Tutsun qadamı deyirsən?!

Gör necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni görən zindan sanır,
Düzü, dünyanı özünə.

Apar, Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı azad olsun deyə,
Öz hücrəndə dustaq eylə.