QORUYUN QIRMIZI RƏNGİ

İnsanlar, qoruyun qırmızı rəngi,
Şəhid qanlarının rəmzidir bu rəng.
İnsanlar, qoruyun qırmızı rəngi,
Qələbə, azadlıq əzmidir bu rəng.

El anır sükutla şəhid hər kəsi,
Sükutla şəhidə sevgi toxunur.
Baxma eşidilmir sükutun səsi,
Şəhid nəğmələri belə oxunur.

Bu rəng cansızı da gətirir cana,
Elə bu rənglə də vurur könüllər.
Boş deyil, şəhidə hörmətdən yana
Qırmızı açılır, qırmızı güllər.

Onlar əziz tutdu şanı, şərəfi,
Qoymadı arzumuz sına, çat verə.
Günəş qürub etmir, axşam tərəfi,
Gedir şəhidlərə salavat verə.

Məni sevin deyir qırmızı, özü,
Bu rəng başqa cürə daha yozulmaz.
Bu rənglə yazılıb istiqlal sözü,
Bu rənglə yazılan yazı pozulmaz.

Gözlərin suyunda sirr yaşayır, sirr,
Hər şey gözəl olur öz normasında,
Bu yaş yaş deyildir, nisgilimizdir,
Çıxır canımızdan su formasında.

Şəhidin qanından haqq yaranır, haqq,
Buna nail olur nahaqla cənglə.
Sən hələ hikmətə, möcüzəyə bax.
Ağ gün qazanılır, qırmızı rənglə.

19.01.2017.

XOCALIM

Gəlirik üstündən məhv edək çəni,
Yaşa, mərd dayandın yaşa, Xocalım.
Əbədi edəcək boran tərk səni,
Xalqım verməz yurdun qışa, Xocalım.

Bilmirəm fikrimi söyləyim necə,
Sənsiz olmamışıq bir gün, bir gecə,
Qoymarıq bir qarış üstündən keçə,
Nisgil dönsə belə quşa, Xocalım.

Sanma əsirlikdə kiçilir adın,
Sevən ürəklərə əkilir adın,
Gör necə alisən, çəkilir adın,
Vətən kəlməsiylə qoşa, Xocalım.

Bilirəm gözün çox burnu dik görüb,
Ürəyin intizar, çiynin yük görüb,
Sanki insanlarda biveclik görüb,
Etmisən gileyi daşa, Xocallm.

Məqamdır mərd ordum özün tanıda,
Qoymaz yerdə qala şəhid qanı da,
Elə gün gələcək Yeravanı da,
İrəvan verəcək xışa, Xocalım.

Vaxt çatıb, müəmma çözüləcəkdir,
Qəlb üzən, boynundan üzüləcəkdir,
Xoşbəxtlik üzündən süzüləcəkdir,
Dönüb sevinc adılı yaşa, Xocalım.

Daha günəşinin zərrəsi sönməz,
Sanma zirvə enən, zirvəyə dönməz,
Başın bir qarış da aşağı enməz,
Qalxmısan sən elə başa, Xocalım.

24.02.2017.

QAZANC

Səni ən dəyərli qazanc sanıram,
Sən mənim ömrümə gələndən bəri.
Vüsalı özümə inanc sanıram,
Həsrət göz qapayıb, öləndən bəri.

Mənə həsr etdiyin sevda bədiyən,
Hər kəs yeyəcəyi bir aş deyildir.
Sən mənə verdiyin ömür hədiyyən,
Əsil qazancımdır, daşbaş deyildir.

Sənə bəsləyirəm sevgi barımı,
Mehrim də mehrini sözünə çəkir.
İşə bax, Tanrıdan aldıqlarımı,
Tanrının bəndəsi özünə çəkir.

Açdığın ağuşa nurumu saçdım,
Bilmirəm layiqəm, layiq deyiləm?
Eh, bütün sirrimi bilmədən açdım,
Demə, o qədər də sayıq deyiləm

O qədər danışdım qazancdan, canım,
Birdən söz yaranar əhatədə də.
Qorxuram səhv anıb vergi orqanı,
Vergi tətbiq edə məhəbbətə də.

13.01.2017.

ZƏNN ETMƏ

Sən mənə eşq dolu gözlə baxanda,
Mən sənə yaşımı deyib, çəkildim.
Yenə əl çəkmədin, bitib yaxamda,
Söylədin, deyilmi eyib, çəkildin.

Özümü apardım bir naşı kimi,
Bilirsən mən niyə gözünə baxdım?
Mən sənə baxanda başqası kimi,
Sən yaşa baxmadın, üzümə baxdın.

Çox dedim, düşməyək çıxılmaz hala,
Bu yaşda sevgini şələ bilməyim.
Ya da elə su səp mən gələn yola,
Sürüşüb yıxılım, gələ bilməyim.

Şər deyə bilmərəm etdiyin kama,
Bu eşqdir, demirəm tovladın məni.
Ovçu tüfəngiylə ov edir, amma,
Sən öz baxışınla ovladın məni.

Bir gün baxdın mənə, tanımaz kimi,
Mən düşdüm hansı bir hala, bilmədin.
Yoxsa çürük idi andının himi,
O himin üstündə qala bilmədin?

İndi nə düşünüm sənin barəndə,
Özünü zirvədən düşürtdün belə.
Yoxsa saçımdakı ağı görəndə,
O ağı qar sanıb üşütdün belə.

Zənn etmə, özünə olmadın qənim,
Ya sənin cəzanı yazan qalmayıb.
Bax yenə ürəyim yerində mənim,
Səninsə bu adda əzan qalmayıb.

14.01.2017.

QURTARSIN

Bəsdir başım dəydi məhək daşına,
Ümid ver, ürəyim zordan qurtarsın.
Qara taleyimi sürtmə qaşına,
Yandır ocağımı, qordan qurtarsın.

Öldür sarı simin sarısın, öldür,
Demirəm yerimə ayrısın öldür,
Tanrım, balıqçının qarısın öldür,
Bəlkə qızıl balıq tordan qurtarsın.

Könlüm çox yorulub, lütf eylə, dinc ver,
Sınaqdan çıxmasam, dərdi nəhəng ver,
Qəlbinin içində bir azca künc ver,
Bir insan övladı gordan qurtarsın.

Nə kindir könlündə lövbərin salıb,
Görmürsən əllərim qoynumda qalıb?
Çox şey istəmirəm, könlümü alıb,
Qurtar əllərimi ordan, qurtarsın.

Duman gətirirsən çən qurtarmamış,
Dən vermə saçıma, dən qurtarmamış,
Kim məni qurtarsın, sən qurtarmamış?
Çağırım, Müsyo Jordan qurtarsın?

16.01.2017.