rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

MÜBARİZ DOĞULMUŞAM

“Mənim dünyam” – silsiləsindən

Yenə dərdlər qövr edir,
Qüssə, kədər qəlb didir.
Fərəh, sevinc gen gedir,
Saralmışam, solmuşam.

Qayda budur əzəldən,
Qaçmaq olmaz əcəldən.
Xoş günlər çıxıb əldən,
Bulud kimi dolmuşam.

Bəxt, tale qurub tuzaq,
Düşmüşəm eldən uzaq.
Zaman qanlı yalquzaq,
Tənha, naçar qalmışam.

Fələk meydan sulayır,
Ac qurd kimi ulayır.
Mən susmuşam o sayır,
Hər cür zərbə almışam.

Torpaq- Vətən, həm Anam,
Ona layıq Dövranam.
Gərək məğrur dayanam,
Mübariz doğulmuşam…

Ş A İ R

“Mənim dünyam” – silsiləsindən

Yaman dərdmiş qanan olmaq,
Can, ürəyi, dolan şair.
Hər bir dərdə yanan olmaq,
Can, ey qəlbi, nalan şair.

Gördüklərin yaxır səni,
Artır başda, saçın dəni.
Dərdlər sökür hey sinəni,
Can, ey könlü, talan şair.

Möhnət özü səni tapır,
Xöş yuxuna haram qatır.
Nizə kimi köksə batır,
Can, ey nakam, qalan şair.

Nə gecən var, nə gündüzün,
Həmdəmindir təbin, sözün.
Təbəssümə həsrət üzün,
Can, bənizi, solan şair.

Nə usanan, nə də qorxan,
Xan Araztək sakit axan.
Şan- şöhrətə gendən baxan,
Can, bağrıqan, olan şair.
ÖLƏNDƏ AD ALAN ŞAİR!