Qarşımızda şair, publisist Rafiq Odayın yenicə ayrıldığımız 2016-cı ildə nəşr olunmuş “Qərib ruhların nəğməsi” kitabı var. Kitaba “Oxucu qəlbinə ünvanlanan poeziya” adlı ön söz yazan filologiya üzrə fəlsəfə doktoru Avtandil Ağbaba böyük zəhmətə qatlaşaraq şairin yaradıcılığına geniş diapazonda bir ədəbi ekskurs edib. Biz də onun bələdçiliyi ilə şairin əsərlərinin ideyasına, mövzulara yanaşma səriştəsinə diqqət yetirdik, bütövlükdə qəlbinin səsini eşitməyə səy göstərdik.
Yəni fikir, düşüncə, müşahidə, hadisələri yaşamaq, insanları oxumaq, mənəvi doğmalıq, dərdlərə dərman axtarmaq, çözümü çətin problemlərin həllini aramaq sevdası bir zəncirin həlqəsində yer almış kimi, R.Oday poeziyasının ruhunun, varlığının, mənəvi dünyasının inciləri kimi ədəbi təxəyyülündə təcəssüm olunur:

Bu sinəmin dağ əridən ahı yüz,
Son pənahım, gəl sinəmdən ahı üz.
Məni edib qara sevda əsiri,
Gör haçandı o maralgöz, ahu üz.

R.Odayın da bir çox söz-sənət adamlarının tənqid etdiyi kimi, var-dövləti ilə qürrələnən, özünü insanlardan ayrı tutub göylərdə hiss edən adamlara münasibəti özünəməxsusdur.
Sözün bu məqamında həm də ictimai taleyini yaşayan şairi oxuculara təqdim etməyi məqsədəuyğun bilirik. Rafiq Oday Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycan Mədəniyyət və Ədəbiyyat portalının təsisçisi və direktoru, əməkdar jurnalistdir. Rafiq müəllim “Qərib ruhların nəğməsi” kitabındakı poetik düşüncələrinə qədər “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr”, “Şərur folkloru”, “Həyatın yaşama düsturu” əsərləri ilə oxucuların rəğbətini qazanmışdır.
“Qərib ruhların nəğməsi” kitabında təqdim olunmuş bölmələr də şairin düşüncələrinin ardıcıllığı prinsipi iə sıralanmışdır. Yəni, “Azərbaycan deyiləndə” ilk anda yada düşən ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu ölkənin, xalqın mənafeyinə uyğun olaraq gördüyü irimiqyaslı işlərinin əzəmətli panoramı gözümüz önündə canlanır:

Sən zülmət gecələrin bir ümid çırağısan,
Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
Sən hürriyyət sədası, zadlıq sorağısan,
Hər qarışda izin var, bu izi silmək çətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.

“Qəzəllər, rübailər” R.Odayın klassik üslubda da poetik əsərlər ərsəyə gətirdiyini göstərir. Yəni müəllif özünün şairlik istedadı ilə yaradıcılığın əksər növ və janrlarında həyatın diktə etdiyi gerçək hadisələri bədii fakta çevirib, özünəxas ştrixlər, detallarla təsvir edir. Poetik fikrin ifadəsinə tapınmış dağ boyda vətən dərdlərini bölərək xırda-xırda sərgiləyən şair:

Səninləyəm, Türk oğlu,
Ruhunu oyaq saxla,
Bu yerdən keçən zaman
Bir anlıq ayaq saxla,
Silahını əldə tut,
Patrondaşı saz eylə,
Yanında daraq saxla”,
– deyərək onu vətən və xalq yolunda müsəlləh əsgər olmağa çağırır. Şairin bu bölmədəki bir çox şeirlərini oxuyanda yaşadığımız gün-güzarın gerçək təsvirinə əlvanlıq gətirən xalq deyimlərinin təsirini duyuruq. Rafiq Odayın yaradıcılığında xalqdan gələn bayatı ruhu, xəlqilik var.
“Sənə ehtiyacım var” bölməsi ilə təqdim olunmuş şeirlər ilk baxışda oxucuya sevgi, məhəbbət motivində əsərlərin yer aldığını düşünməyə əsas verir. Amma burda da müəllif saf duyğuların sadəcə təsvirində qalmayıb, o səmimi hissləri bir işıq təki, nur təki insanların varlığına, düşüncəsinə saçır. Onun istəyi, gözələ, yara ehtiyacı həssas qəlbli insanlara bəslədiyi bir könül ehtiyacına çevrilir. “Kərəm et” şeirindəki:

Gün boyu gör neçə dərd məndən keçir,
Toplu məndən keçir, fərd məndən keçir,
Bir az da sevgini qat, məndən keçir,
Bu qədər çətindi yəni? – kərəm et!

Sonuncu bölmə, “Ünvanlı şeirlər”də çox dərgilərdə, kitablarda rastlaşdığımız ailə-övlad, dost-tanış adına yazılmış təriflər, mədhlər deyil, məhz cəmiyyətin, ədəbi mühitin tanıdığı, qəbul etdiyi söz-sənət adamlarına bəslədiyi inamının, əsərlərindən, taleyindən duyğulandığı ədəbi düşüncələrinin bəhrəsidir. Öz həmkarları, ədəbiyyat adamları ilə dərdləşməsi, bölüşməsidir. “Qələm dostum Vaqif Mehdiyə”, “Dünya saxlamalıydı onu” (Vaqif İbrahimin xatirəsinə), “Bu həyatın ta nəsindən keçmədin” (Otuz illik qayım-qədim dostum Kəmaləddin Qədimə), “Sənə söz verdiyim şeir” (şairə Adilə Nəzərə), “Başın sağ olsun, Vətən” (Şəhid Elman Müslüm oğlu Abbasovun unudulmaz xatirəsinə) əsərləri dediyimizə misaldır. Bax, budur şair Rafiq Odayın mənəvi dünyası…
Kitabdakı bütün şeirlərlə yaxından tanışlığım, lirik-fəlsəfi düşüncələr, qəzəllər, rübailər, təcnis, gəraylı özünün milli avazı, təbii deyimlərlə təsviri, vətənpərvərlik notlarında səslənən çağırışları, saf duyğuların sənətkarcasına tərənnümü haqqında təəssüratlarım qərib ruhlara səslənən nəğmələr kimi düşüncələrimi qanadlandırdı və “Qərib ruhların nəğməsi” şeirlər toplusu haqqında bu kiçik qeydlərimi ifadə etməyə səbəb oldu. Bu qənaətə gəldim ki, Rafiq Oday Azərbaycan poeziyasında öz sözü, dəst-xətti olan milli-bəşəri düşüncəyə malik şairdir, ədəbiyyat adamıdır

Şəfəq NASİR,
“Respublika” qəzeti