Əbülfəz ÜLVİ.Yeni şeirlər

SEYİD PAKLIĞI

O qədər şeirə sevgi var səndə,
Sanma bu sevgiyə mən də pəl çəkim.
Hansısa suçuma cəza verəndə,
Deyirsən bir şeir söylə, əl çəkim.

Necə qısqanmayım səni bu anda,
Mənimlə təması az eyləyirsən.
Qürurla durursan şeir qucanda,
Mən qucaq açanda naz eyləyirsən.

Təbimə o qədər xumar yayırsan,
Hər sözdə, misrada olursan tənim.
Yazanda sən elə ovsunlayırsan,
Şeir mənim olur, ideya sənin.

Mənim sənin kimi şeir, sözüm var,
Qoyma səni görüb, söyələr mənə.
Qorxuram hüsnünü görən adamlar,
Bir gün plagiat deyələr mənə.

Seyid paklığı var səndə, ay danım,
Daha heç kimsəyə bu bir sirr deyil.
Onunçün sən hopan şeirə, canım,
Çoxu zarafatla Mir şeir deyir.

18.01.2017.

ANLAYA BİLMİRIM

Deyəsən unutdun o vaxtlarını,
Qar atdın saçıma, qarda otursun?
Yüklədin çiynimə suç ahlarını,
Bəs indi mələklər harda otursun?

Bu hal bilirsənmi evini yıxıb?
Başına naxələf tacı keçibdir.
Sanki şirinliyin dadından çıxıb,
Yerinə pul basıb, acı keçibdir.

Bir anın içində kül etdin danı,
Kim sənə öyrətdi bu xəyanəti.
Necə yuyacaqsan günahlarıni,
Yuya bilməyirsə su, xəyanəti.

De görüm nə idi qəlbini əzən?
Bu nəfis xoşbəxtlik gətirən deyil.
Qanun tutduğunu ötürür bəzən,
Tamah tutduğunu ötürən deyil.

Bircə özün oldun məndən çıxılan,
Bu da mənlik deyil, mənə bağlama.
Ağlamaz deyiblər özü yıxılan,
Bir az qürurlu ol, sən də ağlama.

Bu baxış əzəlki baxışın deyil,
Etdiyin xəyanət sökülür ordan.
Bəlkə gözündəki göz yaşı deyil,
Suçundur, su olub tökülür ordan.

Get, daha saf hisslər oldu bir ləkə,
Bu ovsun deyildir “açıl, sim” deyək.
Anlaya bilmirəm, gəlmisən bəlkə,
Ölmüş xoşbəxtliyə mərasim verək.

18.01.2017.

BELƏ DÜYÜNLƏNİR QAŞLARIN YOXSA…

Nə olub, bu xislət səndə haradan?
Tez-tez bulud örtür gözünü sənin.
Məsləhət bilsəydi Ulu Yaradan,
Bulud yaradardı özünü sənin.

Nə üçün söykənmir ağıla, dərkə?
Axı gətirməyib yel bu sevgini.
Qəsdən yaradırsan buludu bəlkə,
Ələsin, aparsın sel bu sevgini?

Sonda qəlb sozalır bu sui-qəsdə,
Özünə etsələr, tənə edərdin.
Yaxşı ki, sinə var ürəyin üstə,
Açıqda olsaydı gör nə edərdin.

Əl saxla, neylərsən əlində solsa?
Qıyarmı məhv edə heç əl, sevdanı?
Sevgimiz bu qədər saçını yolsa,
Kimə sırıyarsan keçəl sevdanı?

Niyə yaradırdın beləydi əgər?
Heç belə alçatmaz naşı peymanı.
Əvvəllər deyirdin bədnəzər dəyər,
Çəkil bir gizlinə qaşı peymanı.

Gah qırış salırsan alnına, gahsa,
Sıxırsan saf hisslər sıxılsın, arda.
Belə düyünlənir qaşların yoxsa,
Əhdimiz ilişib yıxılsın orda?

21.01.2017.

BAĞLIDIR

Şeir istəyirsən məndən, ay çiçək,
Onu ki, yazmağım sənə bağlıdır.
Bu yükü birlikdə, birgə gəl çəkək,
Sənə açıq sinəm kinə bağlıdır.

Elə gül, mehrimi bələyim sənə,
Təb ver misraları ələyim sənə,
Mənim arzularım, diləyim sənə,
Səninki imana, dinə bağlıdır.

Şirinsiz dağ, qaya çapmaq çətindi,
Şirinlə külüncdən qopmaq çətindir,
Tənliksiz məchulu tapmaq, çətindir,
Mənim söz tənliyim, tənə bağlıdır.

Sanma şeir yazmaq, tək huşa bağlı,
Qaş gözə bağlıdır, göz qaşa bağlı,
Saçıma tökülən dən yaşa bağlı,
Yaşım saçımdakı dənə bağlıdır.

Daim sazımdasan, könül sazımda,
Daim baş roldasan, hər bir yazımda,
Deyirsən şeir yaz, yazdır, yazım da,
Təkcə şeir yazmaq mənə bağlıdır?

22.01.2017.