rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

ÇARASI YOXDUR

“Qəzəllərim ” – silsiləsindən

Mübtəla olduğum dərdin, bilirəm, çarası yoxdur,
Bu könül, qəlb dərdidir ki, bədəndə yarası yoxdur.

Edib sərgərdan məni eşq, çəkilibdir ərşə yuxum,
Qəm, kədər tüğyan eyləyir, heç ardı- arası yoxdur.

Gur axan qoşa çeşmədir, qan ağlayan ala gözlər,
Itiribdir öz nurunu, didəmin qarası yoxdur.

Hər təbib yazdı bir nüxsə, eyləsinlər dərdə əlac,
Hamıya agah oldu- hey, cibimim parası yoxdur.

Vardır Dövrançün çox ünvan, gər dönərsə sevdasından,
Onun üz tutub getməyə, görən “harası” yoxdur?…

İSTƏYİR

“Qəzəllərim” – silsiləsindən

Yenə coşdu dəli könlüm, xoş kəlmə duymaq istəyir,
Öz sevgisin, məhəbbətin, aləmə yaymaq istəyir.

Eşqi, sevdası naminə, tutub bədbin yaxasından,
Həsrətin, qəmin, kədərin, gözünü oymaq istəyir.

Vermişdi zalım fələyə, hər fürsəti qəmli könül,
Çatdı qisasın zamanı, xoş anın “saymaq” istəyir.

Aqillər doğru söyləmiş, hər gecənin- gündüzü var,
Hicran qəhri çəkmiş ürək, vüsaldan doymaq istəyir.

Qoy dillərdə dastan olsun, məhəbbəti bu Dövranın,
Öz əhdi- peymanı ilə, doğru iz qoymaq istəyir.