sv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

***

Buz ürəyin qayalıqlar
Sakini kəklik- ayrılıq…
Yaraşığın ucalıqlar,
Nəğmən bir dəli hayqırıq…

Mənə doğru hər gəlişin
Üzüaşağı enməkdi…
Sevgi səsləyən gülüşün,
Ayrılığı hürkütməkdi…

Kəklik-ayrılığın əziz,
Məndən umub-küsdü demə…
Qayada hər cığır, hər iz,
Məndən qalıb… Bəsdi mənə…

Hey, arabaçı…

Çəkib getmə belə, qəhərlənirəm,
Ələnir, canımı sıxır ağrılar…
Yetmiş yeddi yerə səpələnirəm,
Məni dənliyinə yığır ağrılar…

Yüyürtmə fələyin dərd arabasın,
Yarı yolda qoymaq adətdəndimi?
Açmışam bəxtimin təndir qapısın,
Yanmaq da Tanrıya xəyanətdimi?