Rahilə DÖVRAN.Yeni şeirlər

rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

SÖYLƏ NƏ QAZANMISAN

“Könül dəftərim” – silsiləsindən

Tale nəsib etmişdi təmiz, saf məhəbbəti,
İki könül olmuşdu bir- birinin qisməti.
Necə oldu itirdin ülviyyəti, isməti?
Eşqə haram qatmaqla, söylə- nə qazanmısan?
Mənliyini satmaqla, söylə- nə qazanmısan?

Sarılmışdıq sevginin, sədaqətin qoluna,
Əhd edərək çıxmışdıq səadətin yoluna.
Sənin bu dönüklüyün necə izah oluna?
“Qaş- gözünü çatmaqla”, söylə- nə qazanmısan?
Suç, günaha batmaqla, söylə- nə qazanmısan?

Mehri- məhəbbətimiz şəkər idi, noğuldu,
Zamanımız, anımız sanki sirli nağıldı.
O sehirli dünyamız bircə anda dağıldı
Andını unutmaqla, söylə- nə qazanmısan?
Özün yüksək tutmaqla,söylə- nə qazanmısan?

Əğyar ünü çatmayan “Ərk qalası”- sənindi,
“Ürəküzən, canalan”, “baş bəlası”- sənindi.
Cahanda nə vardısa, ən əlası- sənindi
“Var- yoxunu” atmaqla, söylə- nə qazanmısan?
Yarı yolda “yatmaqla”, söylə- nə qazanmısan?

İndi olub peşiman baş- gözünə vurursan,
Məlul, üzgün halınla yolum üstə durursan.
Keçmiş gözəl günlərçün hey xəyallar qurursan
Hər kəsi yanıltmaqla, söylə- nə qazanmısan?
Dövranı unutmaqla, söylə- nə qazanmısan?

GÖRMÜŞƏM

“Qəzəllərim” – silsiləsindən

Qoy duysun dost- tanışım hər cür möhnət görmüşəm,
Bu günə çatmaq üçün min bir zəhmət görmüşəm.

Qlmuşam Haqq aşiqi baş vurmuşam cahana,
Iffətlə, ismət ilə izzət, hörmət görmüşəm.

Olub ki, zaman çəkib hərdən çətin sınağa,
Yolumdan şaşmasam da, haqsız töhmət görmüşəm.

Aşdıqca keçilməyən maneləri, sədləri,
Polad kimi bərkiyib qüvvət, qüdrət görmüşəm.

Etmişəm yurda xidmət təbimlə, qələmimlə,
Olub Rahilə Dövran, halal şöhrət görmüşəm.